Payızda koronavirus pandemiyasının növbəti dalğası başlaya bilər - İnfeksionist

Qonşu ölkələrin statistik məlumatlarına nəzər yetirsək görərik ki, hazırda infeksiyaya gündəlik yoluxma sayı Gürcüstanda, Rusiyada, Türkiyədə və İranda dəfələrlə artıb. Azərbaycanda da son zamanlar yoluxma sayında artım müşahidə olunur. Əksər məhdudiyyətlərin xeyli vaxtdır ki aradan qaldırılmasına baxmayaraq, hazırda ölkəmizdə epidemioloji vəziyyət qənaətbəxşdir və nəzarət altındadır.

Buta.media-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, bu tip infeksiyalar payıza doğru aktivləşir və zaman keçdikcə əldə olunmuş kollektiv immunitet zəifləyir. 

“Pandemiyanın hər yeni dalğası virusun daha sürətli və immun nəzarətindən asan yayına bilən mutant variantları törədir. Bundan əlavə, əksər qadağaların aradan qaldırılması virusun yayılması üçün münbit şərait yaradır. Ona görə də ölkəmizdə yoluxma halının payızda yüksəlməsi istisna deyil. Hazırda proses səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarət altındadır. Qeyd edim ki, pandemiya ərzində mənfi dinamikanın aradan qaldırılması ilə bağlı xeyli təcrübə toplanılıb. Yuxarıda qeyd etdiklərimdən əlavə, özümüzü qorumaq üçün birgə səy göstərməliyik”, - deyə ekspert vurğulayıb.

Həkim qeyd edib ki, son zamanlar dünya üzrə virusa yoluxma sayında müşahidə olunan artım əsasən Avropa və Amerikanın bəzi ölkələrində “omikron” ştamının mutasiya olunan yeni növləri hesabına baş verib. 

“Virusun təkamülünün istiqaməti və yeni ştamların xüsusiyyətləri qeyri-müəyyən olaraq qalmaqdadır. Hesab olunur ki, bu ştamlar digər koronavirus ştamlarından, məsələn, “delta” ştamından daha az öldürücü olsalar da, yoluxma sürətinə görə birincidirlər. Virus əsasən yuxarı tənəffüs yollarında sürətlə çoxaldığından hava-damcı yolu yoluxmada xüsusi rol oynayır. Məhz buna görə ÜST dünyada müşahidə olunan yüksək artım fonunda qapalı məkanlarda maskalardan istifadə etməyi və gigiyena qaydalarına əməl olunmasını tövsiyə edir”, - T.Eyvazov bildirib.

O həmçinin əlavə edib ki, birusdan qorunma yolları yenə də dəyişməz olaraq qalır:

“İlk növbədə qapalı məkanlarda, ictimai nəqliyyatda, yas yerlərində maskadan istifadə etmək, otaqları tez-tez havalandırmaq, insanların sıx toplaşdığı yerlərdə iştirakı minimuma endirmək, sosial məsafəni (ən azı 1.5 metr) gözləmək, əl və tənəffüs gigiyenası qaydalarına əməl etmək vacibdir.

Bu sadə tövsiyələr pandemiyanın şiddətli vaxtlarında özünü dəfələrlə doğruldub. Bir müddət gündəlik yoluxmada ikirəqəmli göstəricilər insanlarda bir arxayınlıq formalaşdırdı, sanki hər şey geridə qaldı. Epidemiyanın alovlanma dövrlərində bu sadə qaydalara etinasızlığın nələrə səbəb olduğunu artıq öz acı təcrübəmizdən bilirik və bunu unutmamalıyıq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ