Həkim günvurmanın əsas əlamətlərini açıqladı

Günvurmanın əsas əlamətləri - üzün qızarması, şiddətli başağrısı, başgicəllənmə, gözlərin qaralması, ürəkbulanma, qusma, burundan qan axması və görmə qabiliyyətinin pozulmasıdır. Xəsarət alan şəxsi dərhal təmiz havaya, kölgəyə, sərin və normal ventilyasiya olan yerə çıxarmaq, paltarının yaxasını açmaq və başı azca qaldırılmış vəziyyətdə kürəyi üstə uzatmaq lazımdır.

Buta.media-nın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

Həkim qeyd edib ki, istivurma uzun müddət xarici mühitdə qalma nəticəsində bütün bədənin həddindən artıq istiləşməsindən yaranan vəziyyətdir. Bu zaman orqanizmin ümumi isinməsi bədən hərarətinin yüksəlməsi və nəticədə vacib funksiyalarının pozulmasına səbəb olur.

“İstivurmanın bir növü olan günvurma birbaşa Günəş şüalarının düşməsi nəticəsində beyin damarlarının artan temperaturun təsirindən genişlənməsi ilə yaranır.

İstivurma günvurmaya nisbətən daha tez baş verir. İstivurma üçün Günəş əsas şərt deyil, hava buraxmayan isti paltarda fasiləsiz işləmək, isti havada uzun müddət və yaxud bir neçə saat havasız, pis ventilyasiya olan yerdə qalmaq kifayət edir”

Terapevt Zakir Quliyev

Onun sözlərinə görə, xəsarət alan şəxsi dərhal təmiz havaya, kölgəyə, sərin və normal ventilyasiya olan yerə çıxartmaq, paltarının yaxasını açmaq və başı azca qaldırılmış vəziyyətdə kürəyi üstə uzatmaq lazımdır:

“Başının üstünə soyuq kompres (yaş sarğı) qoymaq, bədənini yaş parçaya bükmək və yaxud soyuq su vurmaq (çiləmək), çoxlu sərin su vermək məsləhətdir.

Tənəffüs pozulduğu halda pambığı naşatır spirti ilə isladıb, bir neçə dəfə ehtiyatla xəsarət alanın burnuna yaxınlaşdırmaq lazımdır.

Əgər xəsarət alan insan özündən gedib, nəfəsi dayanıbsa, nəbzini əl ilə yoxlayıb tapmaq olmursa və ətrafda həkim yoxdursa, bu halda davamlı süni nəfəsvermə və ürəyin qapalı masajını etmək tövsiyə olunur”.

Uşaqların birbaşa Günəş şüalarına məruz qalmasından danışan terapevt qeyd edib ki, onları qorumaq məqsədilə ilk növbədə onun başını və ya bədənini panama və ya dəsmal ilə örtmək lazımdır. Ondan başqa, istivurmanın qarşısını almaq üçün çimərlikdə üzməklə qum vannasının qəbulunu növbələmək məsləhət görülür.

“Körpənin rasionuna, xüsusilə də gündüz saatlarında və Günəş şüası qəbulunu planlaşdırıldığı zaman, meyvə-tərəvəz məhsulları daxil olmalı, yağlı qidalar və ət məhsulları məhdudlaşdırılmalıdır. Qazsız içkilər və şəkərsiz kompotlara üstünlük verilməsi tövsiyə olunur.

Bu profilaktik tədbirlərə riayət edilərsə, istivurma təhlükəsi körpələrdən yan keçəcək”

Terapevt Zakir Quliyev

Zakir Quliyev açıq havada, xüsusilə isti yay günlərində günəşin altında səhər saat 10:00-a və axşam 18:00-dan sonra çıxmağı tövsiyə edib. 

“Zərurət yarandığı halda bayıra çıxarkən Günəş kremindən istifadə nəticəsində dərini ləkələrin yaranmasından xilas edə bilərik. Baş nahiyəsini Günəşdən qorumaq üçün gün eynəkləri, qoruyucu papaqlar və çətirlərdən istifadə edilməlidir. Yüngül yumşaq materiallardan hazırlanan paltar geyinmək məsləhətdir. Həmçinin çox maye qəbul etməsi məsləhətdir, xüsusən təmiz, sərin suyu. Onu da nəzərə almaq lazımdır ki, çox isti havada həddindən artıq idman etmək insan səhhəti üçün təhlükəli ola bilər”, - deyə o yekunlaşdırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ