NASA ilk yüksək dəqiqlikli videonu dərin kosmosdan ötürdü

ABŞ kosmik agentliyi NASA məlumat axını texnologiyalarının sınaqdan keçirilməsi çərçivəsində ilk dəfə dərin kosmosdan Yerə Ultra HD formatında video göndərib.

15 saniyəlik videoda işçilərdən biri ilə yaşayan Teyters adlı pişik lazer göstərici ilə oynayır.

Video oktyabrın 13-də Floridadan “SpaceX Falcon Heavy” raketi ilə buraxılmış “Psyche” kosmik gəmisinə əvvəlcədən yüklənib.

Pişiklə çəkilmiş video dekabrın 11-də lazer vasitəsilə 19 milyon mil (təxminən 30 milyon kilometr) məsafədən Yerə ötürülüb - bu, Yerdən Aya olan məsafədən 80 dəfə çoxdur. Videonun ötürülməsi 101 saniyə çəkib. Siqnal Kaliforniyadakı Heyl Teleskopu tərəfindən qəbul edilib və sonra hər bir kadr reaktiv hərəkət laboratoriyasına (JPL, NASA tədqiqat mərkəzi) göndərilib və burada video real vaxt rejimində göstərilib.

JPL-nin qəbuledici elektronika layihəsinin meneceri Rayan Roqalin qeyd edir ki, milyonlarla mil məsafəyə baxmayaraq, dərin kosmosdan siqnal ötürülməsi JPL-də internetdən istifadə edən qəbuledici mərkəzdən daha sürətli idi.

Lazer vasitəsi ilə göndərilən video axını NASA tərəfindən Yer orbitindən kənarda gələcək insan missiyalarına imkan verəcək əsas mərhələ kimi qiymətləndirilir. 

“Bu sınaq növbəti nəhəng sıçrayışı - insanların Marsa göndərilməsini dəstəkləmək üçün yüksək sürətli rabitəyə yol açacaq” NASA-dan bildiriblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ