Həkim müayinə zamanı görünməyən infarktdan danışdı


Səhiyyə Nazirliyi akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Mədinə Əzimova ürək xəstəliklərinin profilaktikası ilə bağlı danışıb.

- Mədinə xanım, ilk öncə miokard infarktı haqqında məlumat verərdiniz...

- Miokard infarktı – ürək əzələsinin işemik nekrozudur və qan dövranının kəskin pozulması nəticəsində əmələ gəlir. Bu zaman ürək əzələsinin müəyyən bir nahiyəsinə gələn qan axınının kəsilməsi nəticəsində həmin nahiyədə hüceyrələrin məhvi baş verir.

Bir çox hallarda miokard infarktının baş verməsinin səbəbi koronar arteriyaların aterosklerozudur. Lakin 5-25 % hallarda koronar arteriyaların emboliyası (infeksion endokardit, mədəcikdaxili tromb), digər xəstəliklər zamanı damarların zədələnməsi (qırmızı qurdeşənəyi, revmatizm, revmatoid artrit nəticəsində əmələ gələn koronaritlər), tac damarların anadangəlmə defektləri və s. səbəbdən də miokardın infarktı baş verə bilər.

Burada ən çox rast gəlinən qeyri-obstruktiv koronar arteriya xəstəliyi nəticəsində baş verən miokard infarktıdır (Myocardial infarction with non-obstructive, coronary arteries; MINOCA).

- Bəs MINOCA infarktının əlamətlərinin damarların tutulması ilə keçən miokard infarktından fərqi nədir?

- MINOCA infarktı olan xəstələrdə gözlə görünən bütün koronar damarlar açıqdır və aterosklerotik lövhələr və ya tromblar da yoxdur. Ancaq adından da göründüyü kimi, bu, miokard infarktıdır.

Koronar damarların tıxanması olmayan miokard infarktı ilə simptomlar eynidir. Koronar angioqrafiya zamanı dəyişikliklər gözlə görünməyən çox kiçik damarlarda olur.
Bu kiçik arteriyalar kortəbii şəkildə partlaya, orada qan laxtaları yarana bilər. Bu zaman koronar arteriyaların kəskin daralması baş verir.

MINOCA infarktının baş verməsində mühüm rol oynayan spastik stenokardiyalar, damarların obstruksiya zamanı baş verən stenokardiyalardan fərqli olaraq qısa təsirli nitratların qəbu ilə daha tez keçir.

- Doktor, MINOCA infarktı hansı səbəblərdən baş verə bilər?

- Qeyri-obstruktiv koronar arteriya xəstəliyi nəticəsində baş verən miokard infarktı aşağıdakı səbəblərdən ola bilər:

• Epikardial arteriyaların zədələnməsi (aterosklerotik düyünlərin dağılması, eroziya və xoralaşma);

• Koronar arteriyaların spazmı. Bu həm endogen (məsələn, stres zamanı baş verən stenokardiya nəticəsində), həm də ekzogen təsirlərdən (məsələn, damardaraldıcı vasitələrin təsiri nəticəsində) meydana çıxa bilər;

• Narkotik vasitələrin (kokain, metamfetamin və s.) təsirindən;

• Koronar damarların endotelinin disfunksiyası zamanı damarın bir və ya bir neçə hissəsində baş verən spazmalardan;

• Miokardit və kardiomiopatiya zamanı.

Koronar qan dövranının kəsilməsi və ya kəskin məhdudlaşması “ağırlaşmış“ aterosklerotik düyünün olduğu nahiyədə koronar arteriyanın trombozu nəticəsində baş verir. Düyünün incəlmiş kapsulu zədələnir (yırtılır, xoralaşır, düyünün lipid nüvəsinin üstü açılır), əvvəlcə “ağ“ divaryanı tromb əmələ gəlir, damarların spazmı daralmış damar mənfəzini bir az da daraldır.
Tədricən trombun ölçüləri böyüyür, əgər spontan lizis (ərimə) baş verməzsə və ya trombolitik terapiya aparılmazsa, tromb damarın mənfəzini tamamilə tutur və həmin damar şaxəsinin qidalandırdığı nahiyədə miokard hüceyrələrinin nekrozu (ölümü) baş verir.

- Bəs xəstəlik hansı klinik əlamətlərlə özünü büruzə verir?

- Demək olar ki, 80-90% hallarda miokard infarktının anginoz variantı rast gəlinir. Xarakter şikayət döş sümüyü arxasında ağrıdır. Bu ağrı stenokardiya tutmasından fərqlidir, daha güclü, əzabverici olub, sıxıcı, təzyiqedici, yandırıcı, göynədici xarakterlidir, ölüm qorxusu ilə müşayiət olunur.

Əksər xəstələrdə ağrı sindromunun pik vəziyyətində kəskin damar çatışmazlığının əlamətləri görünə bilər (intensiv tərləmə, başhərlənmə, kəskin halsızlıq, taxikardiya, ətrafların soyuması, arterial təzyiqin enməsi və s.). Həmçinin, təngnəfəslik və ritm pozğunluqları, kəskin dövrdə bədən temperaturunun yüksəlməsi də müşahidə oluna bilər.

Miokard infarktının klinik olaraq anginoz, astmatik, abdominal, aritmik, serebrovaskulyar və simptomsuz variantları mövcuddur.

- Qeyri-obstruktiv koronar arteriya xəstəliyi nəticəsində baş verən miokard infarktının diaqnostikası və müalicəsi necə aparılır?

- Diaqnoz xəstənin şikayətlərinə və instrumental-laborator müayinələrin nəticəsinə əsasən qoyulur. Elektrokardioqramma (EKQ) və exokardioqramma (ExoKQ) müayinələrinin aparılması mütləqdir. Həmçinin, xəstəyə döş qəfəsinin rentgenoqrafiyası, koronar angioqrafiya, ürəyin MRT müayinəsi olunmalıdır.

Miokard infarktlı xəstələrdə, eləcə də MİNOCA infarktlı xəstələrdə diaqnozun qoyulmasında qanın laborator müayinəsi – miokardın nekroz markerlərinin təyini mütləqdir.

Müalicə ən qısa zamanda damar mənfəzinin açılmasına, sonrakı tromb əmələ gəlmənin qarşısının alınmasına, nekroz ocağının və infarktətrafı zonanın məhdudlaşdırılmasına, infarktın ağırlaşmalarının aradan qaldırılmasına əsaslanır. Ağrının başlanmasından ən çox 6-12 saat ərzində xəstə stasionara çatdırılmalı və koronar angioqrafiya olunaraq miokardın reperfuziyası (qan təchizatının bərpa olunması) həyata keçirilməlidir.

- Sonda MİNOCA infarktının proqnozu və profilaktikası ilə bağlı fikirlərinizi bilmək istərdik...

- Xəstəliyin proqnozu pasiyentin stasionara nə qədər tez çatdırılmasından asılıdır. Erkən başlamış stasionar müalicə xəstənin həyatda qalma şansını artırır, ağırlaşmaların qarşısını alır, infarktdan sonrakı dövrdə fiziki və psixoemosional reabilitasiyanı yaxşılaşdırır.

Xəstəliyin profilaktikası üçün sağlam həyat tərzi sürülməli, zərərli vərdişlərdən (alkohol, tütün və narkotik vasitələri) uzaq durmalı, sağlam və balanslaşdırılmış qidalanmağa üstünlük vermək tövsiyə olunur. Həmçinin, vətəndaşlar, xüsusilə risk qrupunda olan insanlar mütəmadi olaraq kardioloji müayinələrdən keçməlidirlər.: Ürək xəstəliklərinin profilaktikası üçün sağlam həyat tərzi, zərərli vərdişlərdən imtina və balanslaşdırılmış qidalanma tövsiyə olunur

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ