Populyar messencerin-“Telegram”ın sahibi Pavel Durov “WhatsApp”-ın qəsdən istifadəçilərin izlənilməsinə şərait yaratdığını bildirir.
Buta.media xəbər verir ki, Durovun məktubunun ruscaya tərcüməsi “Forbes”də dərc edilib.
Bu həmin Durovdur ki, “Telegram”ın kodunu Rusiya xüsusi xidmət orqanlarına verməkdən imtina etdiyi üçün həbs təhlükəsi ilə üzləşmişdi və ABŞ-a qaçmışdı.
“Telegram” yaradıcısının bildirdiyinə görə, “WhatsApp” rəhbərliyi ekspertlərin istifadəçilərə qarşı olan etinasız münasibəti ifşa etməməsi üçün qeyri-şəffaf fəaliyyət göstərir.
“Hər dəfə “WhatsApp” öz tətbiqində kritik həssaslığı aradan qaldıranda onun əvəzinə yenisi peyda olur. Onların təhlükəsizliklə bağlı bütün problemləri “bekdorlar” (back door – alqoritm nöqsanı) kimi işləyir”, - deyə Durov yazıb.
Durovun sözlərinə görə, İran və Rusiya kimi dövlətlər bu messencerin işinə hər hansı əngəl yaratmır və bu, “Facebook” və “WhatsApp” rəhbərliyinin məxfi xidmət orqanları ilə əməkdaşlıq etməsinə işarədir.
Durov bildirir ki, “Telegram” 6 ilə yaxındır mövcuddur və hələ də üçüncü tərəfə bir bayt da olsun informasiya ötürməyib. Facebook və “WhatsApp” isə praktiki olaraq hər şeyi hökumətə işləyən hər kəsə ötürür.