Xaçmaz rayonu, Həsənqala kəndi ərazisində yerləşən “Həsənqala” təpəsində aparılan arxeoloji qazıntılar zamanı qiymətli tarixi maddi mədəniyyət nümunələri tapılıb.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Döyüş Musayev bildirib ki, Həsənqala kəndindəki qədim yaşayış məskəni ilk dəfə 1977-ci ildə aşkarlanıb.
“Burda 2018-ci ildən arxeoloji qazıntılara başlanılıb. Qazıntılar nəticəsində məlum olub ki, yaşayış məskənində üst təbəqə IX-XII əsrlərə aiddir. Ondan sonrakı təbəqə antik dövrə sarmat tayfalarına aiddir”.
Tarixçi alim bildirib ki, bu il aparılan qazıntı işləri zamanı erkən tunc dövrünə aid insan skeleti tapılıb. Onun sözlərinə görə, bu şimal zonasında bu dövrə aid tapılan ilk insan qalıqlarıdır.
D.Musayev insan skeletinin ölçülərinə görə uşağa aid olduğunu bildirib. Belə ki, onun boyu 1 metr 20 santimetrdir. Maraqlı fakt odur ki, tapılan skeletin ayaq barmaqları olmayıb. Onun eramızdan əvvəl III minilliyə aid olduğu ehtimal olunur. Bundan əlavə arxeoloji qazıntılar zamanı ərazidən eramızdan əvvəl III minilliyə aid bəzəkli saxsı, sümükdən biz, döyüş daş baltası da aşkarlanıb.