Azərbaycanda ölülər dirilərə həyat verəcək

Azərbaycanda ölmüş şəxslərdən götürülmüş orqanların transplantasiyasına icazə veriləcək.

"İnsan orqanlarının və toxumalarının transplantasiyası haqqında" qanun layihəsinin hazırlanmasında iştirak edən cərrah-transplantoloq, Mərkəzi Gömrük Hospitalının şöbə müdiri Mircəlal Kazımi bunun hansı şərtlərdə mümkün olacağını açıqlayıb.

Bununla əlaqədar olaraq, transplantoloqlar qanuna pasientlərə orqanları qohumlardan deyil, ölmüş donorlardan nəql etmək praktikasına başlamaq barədə dəyişikliyi təklif ediblər.

"Ayrı-ayrı ölkələrdə ölənlərin orqanlarının alınması ilə bağlı müxtəlif qanunlar var. Bu, bu və ya digər xalqların mental xüsusiyyətlərinə, qanun və adət-törələrinə görə dəyişir. Bizim qanunvericilik variantımızda təklif etmişik ki, sağlığında öz orqanlarının başqasına köçürülməsinə rəsmən icazə vermiş şəxlərin orqanları onlar öləndən sonra pasientlərə nəql edilsin. İnsanların istəyi yalnız o zaman yerinə yetirilə bilər ki, onların ölümündən sonra yaxın qohumları bu arzunun əleyhinə getməsinlər. Dünya praktikasında elə hallar var ki, insanın orqanı həkimlər onun beyninin öldüyünə qərar verəndən sonra icazəsiz olaraq çıxarılır. Düşünürəm ki, bizim qanunvericiliyə təklif etdiyimiz variant daha uyğundur" - deyə Kazımi bildirib.

Bu yenilik qanunda bir sıra əlavə dəyişikliklərin edilməsi zərurətini yaradacaq. Məsələn, donorların reyestrini yaratmaq, beyin ölümünü təsdiqləmək üçün həkimlərin konsuliumunu toplamaq və s. lazımdır.

Yıxıldım, oyanıb gördüm ki, böyrəyim yoxdur

Kazıminin sözlərinə görə, artıq uzun illərdir Bakıda qara transplantasiya mafiyasının tüğyan elədiyi barədə mif dolaşır.

O qeyd edib ki, orqanın alınması prosedurunun özü cərrahiyyə əməliyyatından daha çətindir. Onu elə vəziyyətdə almaq lazımdır ki, bütün damarlar qorunub saxlanmış olsun. Cərrahlar mikroskop altında işləyir. Peşəkar tibb təhsili almamış adam bunu edə bilməz. Orqan elə şəkildə çıxarılmalıdır ki, o gələcəkdə işləyə bilsin.

"Vaxtilə KİV yazırdı ki, bir çoxları orqanları morqlardan və yeni məzarlardan çıxarır. Bu, mümkün deyil. Əgər qan dövranı 30 dəqiqə ərzində dayansa, orqanlar çürüməyə başlayır və bundan sonra heç kəs onlardan istifadə edə bilməz" - deyə həkim bildirib.

Kazımi hesab edir ki, bu cür söhbətlər orqanların vəsiyyət edilməsinə neqativ təsir göstərir. İnsanlar son məqamda dələduzların qurbanı olmaqdan qorxurlar.

Artıq qeyd etdiyimiz kimi, donor orqanlarının tapılması prosesi olduqca çətindir. Ölməkdə olan donora xüsusi yanaşma tələb edilir. Tərkibində reanimatoloqlar, nevropatoloqlar, neyrocərrahlar və kardioloqlar olan həkim konsiliumu beynin ölümünü təsdiq etməlidir. Bu, elə bir vəziyyətdir ki, pasient yaşayır, amma beyni artıq ölmüş olur. Beynin ölümü geri dönüşü olmayan prosesdir. Prosedura görə, beynin ölümü təsdiqlənəndən sonra orqanların mühafizəsi üçün donora xüsusi preparatlar yeridilir. Sonra həkimlər ölən şəxsin qohumları ilə görüşərək yalnız onların razılığını alandan sonra orqanları çıxara bilərlər. Bu, çox uzun prosesdir. Ona görə də orqanları oğurlamaq mümkün deyil.

"Müxtəlif ölkələrdə beynin ölməsi müxtəlif cür müəyyənləşdirilir. Haradasa MRT (maqnit-rezonans tomoqrafiya) edirlər, yaxud dopler, kompüter tomoqrafiyasından və s. istifadə edirlər. İndiyə qədər beyin öldükdən sonra yaşayan insan olmayıb. Beynin ölməsi ilə ürək döyüntüsünün dayanması başqa-başqa şeylərdir. Bəzi adamlar fikirləşirlər ki, adam öləndə ürəyi dayanır. Bizim xəstəxanada hər gün bir neçə ürək əməliyyatı keçirilir. 90% halda ürəyin fəaliyyətini dayandırmaq və xəstəni bir saatlıq süni qan dövranı aparatına qoşmaq lazım gəlir. Sonra ürəyin döyüntüsü bərpa edilir. Yəni ki, insana ölüm ürəyin dayanması ilə gəlmir" - deyə həkim bildirib.

Bütün bunlar 2018-ci ildə Milli Məclisə təqdim edilmiş qanuna dəyişikliklərdə əksini tapıb. Bu dəyişikliklərin qəbulu ürəyin, ağ ciyərlərin, bağırsaqların, mədəaltı vəzinin transplantasiyası əməliyyatlarının tətbiqinə yeni təkan verəcək.

Sputnik Azərbaycan

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ