Həkim: Peyvənd olunmayan uşaqlar bir çox xəstəlikləri ağır keçirirlər

“Peyvənd olunmayan uşaqlar müəyyən epidemiya dövrləri ərzində bir sıra yoluxucu xəstəliklərlə üz-üzə qalırlar”.

Bu barədə Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən hazırlanan maarifləndirici videoçarxda sahə həkimi Aygün Cəfərli bildirib.

Peyvənd olunan və olunmayan uşaqlar arasında fərqlərdən danışan həkim qeyd edib ki, uşaqlar doğulandan 12 saat müddətində və 6 yaşınadək rutin olaraq immunizasiya olunur:

“Peyvənd vasitəsilə biz uşaqlarda aktiv immuniteti əmələ gətiririk. Müəyyən qrup uşaqlar var ki, onlar vaxtlı-vaxtında peyvənd olunur. Onlarda həmin xəstəliklərə qarşı aktiv immunitet əmələ gəlir. Həmin uşaqların  yoluxucu xəstəliklərə tutulma riski, demək olar ki, olmur. Yaz, payız aylarında, müəyyən dönəmlərdə uşaqlar yoluxucu xəstəliklər epidemiyası altında olarsa, həmin dövrlərdə infeksiyaları daha yüngül keçirirlər. Bəzi hallarda isə uşaqlar həmin yoluxucu xəstəliklərə tutulmurlar.

Müəyyən qrup uşaqlar da var ki, onlar peyvənd olunmurlar və müəyyən epidemiya dövrləri ərzində bu xəstəliklərlə üzbəüz qalırlar. Təbii ki bu, uşaqların valideynlərinin peyvənddən imtinaları ilə əlaqədardır. Belə ki, bu uşaqlar yoluxucu xəstəlikləri ağır keçirirlər və hətta bu, ölümə də səbəb ola bilər. Ona görə də hər bir valideyn mütləq şəkildə anlamalıdır ki, övladını vaxtlı-vaxtında, zəncirvari immuniteti qırmamaq şərtilə immunizasiya etsin”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ