Narkotikdən asılılıq birinci dozadan başlayır - Fizzə Baxışova

“Narkotik maddələrdən asılı olan şəxslərdə ən çox müşahidə olunan somatik ağırlaşmalardan aseptik qaydaları və immun sisteminin pozuntuları nəticəsində əmələ gələn müxtəlif infeksiyaları göstərmək olar”.

Bunu Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Fizzə Baxışova nazirliyin saytına müsahibəsində bildirib.

Müsahibəni təqdim edirik:

- Fizzə xanım, öncə bilmək istərdik ki, narkotik maddə qəbul edən şəxslərin davranışlarında hansı dəyişikliklər müşayiət olunur?

- Narkotik vasitələr mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan bitki və ya sintetik mənşəli maddələrdir. Toksik maddə olduğundan narkotik vasitələr insanın bütün orqanizminə, onun davranışına, psixi vəziyyətinə, düşüncə səviyyəsinə xüsusi təsir göstərir. Bunun nəticəsində şəxsiyyətin xarakteri dəyişir və əvvəlki sağlam vərdişlər itirilir, həyat tərzi dəyişir.

- Narkotik asılılığın hansı mərhələləri mövcuddur?

- Narkotik maddələrin qəbulu nəticəsində psixi və fiziki asılılıq formalaşır. Psixi asılılıq narkotik vasitələrə psixi meyilin olması və intoksikasiya zamanı psixi komfortun əldə olunmasıdır. Bu hal daimi narkotik haqda asılılıq düşüncələri yaradır.

Fiziki asılılıq zamanı narkotik vasitənin qəbul dozasının daim artması, qəbulun dayandırılması hallarında isə Abstinent sindromu (narkotik vasitədən formalaşmış fiziki asılılığın göstəricisi) inkişaf edir. Abstinent sindromu zamanı bədəndə xoşagəlməz hisslər (oynaqlarda şiddətli ağrı, ürəkbulanma, qusma, baş ağrısı, tərləmə, şüurun bulanması, ishal) müşahidə olunur.

- Narkotik maddə istifadəçiləri arasında ən geniş yayılmış xəstəliklər hansılardır?

- Narkotik maddələrdən asılı olan şəxslərdə ən çox müşahidə olunan somatik ağırlaşmalardan aseptik qaydaları və immun sisteminin pozuntuları nəticəsində əmələ gələn müxtəlif infeksiyaları göstərmək olar. Narkotikləri vena daxilinə yeridən xəstələr arasında İnsanın İmmunçatışmazlığı Virusu (İİV), sifilis, hepatit B və C yoluxması çox yüksək dərəcədə müşahidə olunur.

- Yeniyetmə və gənclər arasında narkomaniyanın inkişaf tendensiyasının səbəbləri hansılardır?

- Yeniyetmələr arasında narkomaniyanın yayılma səbəbi narkotik maddənin zərərləri haqda məlumatın az olmasıdır. Həmçinin yeniyetmələr daha çox eksperiment aparmaq istəyindən, çox vaxt sadə marağın olmasından narkotik istifadə etməyə başlayırlar.

Təəssüf ki, bəzi yeniyetmələri formalaşmamış psixika ilə və düzgün məlumat əldə etmədiklərinə görə, onları bu yola çəkmək daha asan olur. İlkin olaraq narkotik vasitələrin törətdiyi fəsadlar haqda maarifləndirici tədbirlər yeniyetmələr və gənclər arasında aparılmalıdır. Gənclər və yeniyetmələr bilmədirlər ki, narkotik maddələrdən istifadə etmək, oyun əyləncə deyil, bu çox ağır xəstəlikdir. Narkotik maddələrin bir dəfə qəbulu ilə narkotik asılılıq arasında yalnız bir addım var.

- Sonda narkotik maddələrdən istifadə edən gənclərin və yeniyetmələrin valideynlərinə məsləhətlərinizi bilmək istərdik...

- Narkotik maddələrdən istifadə zamanı başlanğıc dövrlərdə yeniyetmələrin həyat ritmi dəyişir. Yeniyetmənin davranışında gözlənilməz dəyişikliklərə diqqət yetirilməlidir:

- aktivliyin kəskin azalması və ya artması;
- məktəb dərslərinə marağın itməsi;
- izaholunmaz əsəbilik, tez-tez yalan danışma, diqqəti yayındırma;
- şübhəli dostların yaranması, dostlar dairəsində kəskin dəyişiklik;
- davranışda qapalılıq, harada olduqları barədə məlumat verməkdən imtina;
- səhər çətin oyanma, nitqin pozulması;
- iştahasızlıq, çəki itkisi.

Bundan əlavə, valideynləri narahat etməlidir:

- evdən pul və ya qiymətli əşyaların itməsi;
- tələb olunan gündəlik xərclərin artması.

Valideynlər övladlarında davranış dəyişikliyi gördükdə, gizlətməsi yox, əksinə həkim-narkoloqa müraciət etməsi vacibdir. Müalicə nə qədər tez başlayarsa, bu xəstəlikdən qurtulma, sağalma göstəricisi o qədər yüksək olar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ