Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Kərəm Məmmədov vəfat edib.
Bu barədə BDU-nun Mətbuat xidməti məlumat yayıb.
Alim ürəktutmadan vəfat edib.
Qeyd edək ki, tarixçi alim 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə qəbul olunub. 1983-1985-ci illərdə Əfqanıstan Respublikasında hərbi xidmətdə olub. 1990-cı ildə Leninqrad Dövlət Universitetində tarix fakültəsinin "Antropologiya və Etnoqrafiya" ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1995-ci ildən Bakı Dövlət Universitetinin tarix fakültəsində çalışıb, Azərbaycan və rus bölmələrində “Antropologiya”, “Qafqaz xalqlarının antropologiyası”, “Qafqaz xalqlarının etnoqrafiyası”, “Etnoqrafiya”, “Ermənilərin tarixi”, “Gürcüstan tarixi”, “Antropometriya” fənlərini tədris edib. “Antropologiyanın əsasları” və “Qafqaz xalqlarının etnoqrafiyası” dərsliklərinin müəllifidir. 1996-cı ildə “İslamaqədərki Azərbaycanda dini inanclar” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Elmi və pedaqoji fəaliyyəti 100-ə qədər elmi əsərdə öz əksini tapıb.
Kərəm Məmmədov 2019-cu ilin aprelində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin arxeologiya və etnoqrafiya kafedrasının müdiri vəzifəsinə seçilib, həmin il “Əməkdar müəllim” adını alıb.