Azərbaycanda süd vəzi xərçəngi "cavanlaşıb"

“Süd vəzində yaranmış hər hansı bir xoşxassəli şişin bədxassəli şişə çevrilməsi üçün uzun müddət tələb olunur”.

Bunu ATU-nun Onkologiya kafedrasının dosenti, onkoloq-cərrah, mammoloq Həqiqət Vəliyeva nazirliyin rəsmi saytına müsahibəsində deyib.

Onunla müsahibəni təqdim edirik:

- Həqiqət xanım, öncə bilmək istərdik ki, süd vəzi xərçəngi hansı hallarda yaranır?

- Süd vəzi xərçəngi süd vəzinin normal hüceyrələrindən əmələ gəlmiş şiş hüceyrələrinin çoxalması nəticəsində yaranır. Orqanizmin bütün hüceyrələri öz vəzifələrini yerinə yetirdikdən sonra məhv olur. Şiş hüceyrələrində isə bu mexanizm işləmir. Həmçinin şiş hüceyrələrinin inkişafı, artıb çoxalması orqanizmin tənzimedici mexanizmlərinə tabe olmadan baş verir. Əgər bu hüceyrələri məhv edən və ya inkişafını dayandıran kənar müdaxilələr olunmasa, onlar öz inkişaflarını fasiləsiz olaraq davam etdirirlər.

- Süd vəzisinin xoşxassəli şişləri hansı halda bədxassəli şişə çevrilirlər?

- Süd vəzi törəmələri 90 faiz hallarda bədxassəli deyillər. Süd vəzində yaranmış hər hansı bir xoşxassəli şişin bədxassəli şişə çevrilməsi üçün uzun müddət tələb olunur. Bəzən isə xoşxassəli şiş aşkar olunan insanın düzgün olmayan həyat tərzi, zərərli vərdişləri, qeyri-sağlam qidalanması, hormonal preparatların nəzarətsiz istifadəsi və s. amillər bu müddəti qısaldaraq, şişlərin böyüməsinə və bədxassəli törəmələrin inkişafına səbəb ola bilər.

Süd vəzinin ən çox rast gəlinən xoşxassəli şişi olan fibroadenomalar 1 faiz hallarda bədxassəli şişə çevrilir. Ən çox bədxassəli şişə çevrilmə ehtimalı olan süd vəzinin xoşxassəli şişi isə süd vəzinin axardaxili papillomalarıdır. Ədəbiyyatda bu riskin 10-33 faizə qədər olduğu barədə məlumatlar var.

- Süd vəzi xərçəngi aşkarlanmanın pik yaş həddi neçədir?

- Təəssüf ki, son illərdə bütün dünyada süd vəzi xərçənginin “cavanlaşması” müşahidə edilir. 20-30 yaşlarında olan qadınlarda daha çox süd vəzində xoş xassəli şişlər rast gəlir. Bu yaşdan yuxarı qadınlarda süd vəzində bədxassəli şişlər daha tez-tez rast gəlinir. 50-70 yaş isə süd vəzi xərçəngi üçün pik yaş hesab edilir. Bu yaşdan yuxarı qadınlarda artıq süd vəzi xərçənginin üzə çıxması faizi nisbətən aşağı olur.

- Hansı yanaşı xəstəliklər süd vəzi üçün təhlükəlidir?

- Bir çox xəstəliklər süd vəzlərinə də öz mənfi təsirini göstərə bilər. Bunlara sinir sistemi xəstəlikləri, qalxanabənzər vəzidə olan müxtəlif dəyişikliklər, ginekoloji xəstəliklər, bir çox endokrin-metabolik xəstəliklər, genetik xəstəliklər, qaraciyər xəstəlikləri və başqalarını göstərmək olar.

- Süd vəzi xərçənginin müalicəsi ilk və sonrakı mərhələlərdə necə aparılır?

- Süd vəzi xərçənginin müalicəsi ilk və sonrakı mərhələlərdə bir-birindən fərqlənir. İlk mərhələdə əksər bədxassəli şişlərdən cərrahi müalicə ilə tamamilə qurtulmaq mümkündür. Şüa müalicəsini əlavə etməklə cərrahi müalicəsində həcmini azaldaraq, bu mərhələdə çox az hallarda süd vəzinin götürülməsi aparılır. Bəzi hallarda isə endokrin terapiyanın istifadəsi xəstələrin residivsiz sağqalma müddətinin artmasına yardım edir.

Artıq sonrakı mərhələlərdə kimya terapiya təyin olunur. Daha gec mərhələlərdə xəstəliyin əsas müalicə üsulu olan cərrahiyyədən ilkin olaraq istifadə etməsi lazımi effekt vermir. Bu hallarda neoadyuvant kimya terapiya adlandırdığımız, yəni cərrahiyyədən öncə aparılan kimya terapiya ilə müalicəyə başlamaq məcburiyyətində qalırıq. Xəstəliyin IV mərhələsində isə nadir hallarda cərrahi üsulla müalicə aparılır. Bu mərhələdə daha çox kimyəvi terapiya, şüa müalicəsi və immunoterapiya metodları tətbiq olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ