“Digər xroniki ağrılardan fərqli olaraq qarın ağrılarında altda yatan səbəbi bilmədən ağrıkəsicilər qəbul etmək olmaz”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti həkim-terapevt Nahid Məhərrəmov nazirliyin saytına müsahibəsində deyib.
Həkim qeyd edib ki, orqanların əksəriyyəti qarın boşluğunda yerləşir. Bu, mədə, qaraciyər, mədəaltı vəzi, nazik bağırsaq, yoğun bağırsaq, dalaq, böyrəklər, böyrəküstü vəzilər, sidik axarları, sidik kisəsi, prostat vəzi (kişilərdə); uşaqlıq, yumurtalıqlar, fallopiya borularıdır (qadınlarda). Qeyd olunan orqanların hər birinin xəstəlikləri ağrıya səbəb ola bilər. Bu hissədə olan ağrılar vaxt itirilmədən dəyərləndirilməlidir. Qarın nahiyəsində ağrı şikayəti ilə gələn xəstədə diaqnozu asanlaşdırmaq üçün ağrıları təqribən yerləşdiyi bölgəyə görə hissələrə bölmək olar:
* Göbək ətrafında olan ağrılar. Nazik bağırsaq xəstəlikləri və apendikulyar çıxıntı iltihablarında ola bilər;
* Orta üst nahiyədə olan ağrılar. Buraya mədə narahatlıqları, onikibarmaq bağırsaq, mədəaltı vəz, öd kisəsi xəstəliklərində və diafraqmal yırtıqda olan ağrılar aiddir;
* Sağ üst nahiyədə olan ağrılar. Əsasən, qaraciyər və öd kisəsi ağrılarını bildirir. Öd kisəsinin iltihabında ağrı göbəyə və belə yayıla bilər. Şiddətli və ani başlayan, sağ çiyinə yayılan, daha çox yemək yedikdən sonra yaranan ağrılar öd daşı xəbərçisi ola bilər. Mədəaltı vəzi və onikibarmaq bağırsaq ağrılarının da bu nahiyədə hiss olunma ehtimalı var. Mədəaltı vəzinin ağrısı, əsasən, kəmərvarı şəkildə olur. Bu nahiyədə xəfif seyr edilən ağrılar hepatitdə ola bilər;
* Sol üst nahiyədə olan ağrılar. Acqarına olan ağrı, adətən, mədə xorasında ola bilər. Ağrı şiddətlidirsə, ürəkbulanma və qusma ilə yanaşı gedirsə, mədə iltihabı əlaməti ola bilər. Mədəaltı vəzi xəstəliklərinin də bu nahiyədə ağrıları ola bilər.
* Orta alt nahiyədə olan ağrılar. Yoğun bağırsaq iltihablarında, qadınlarda sidik yolu infeksiyaları və cinsi orqanların xəstəlikləri, spastik kolit ağrıları da bu nahiyədə ola bilər;
* Sağ alt nahiyədə olan ağrılar. Əsasən, apendisitdə və yoğun bağırsaq xəstəliklərində ola bilər;
* Sol alt nahiyədə olan ağrılar. İltihablı bağırsaq xəstəliklərində (Kron və xoralı kolit), Çölyak xəstəliyində, laktoza dözümsüzlüyündə və yoğun bağırsaq iltihablarında (divertikulit) ola bilər;
* Qarın nahiyəsinin sağ və sol tərəflərində, həm də bel nahiyəsində ağrılarla yanaşı, yüksək hərarət, üşütmə, ishal, ürəkbulanma da varsa, böyrək infeksiyalarını göstərə bilər. Bu nahiyələrdən qasıq nahiyəsinə yayılan şiddətli ağrı və sidiyə tez-tez çıxma istəyi böyrək daşı xəbərçisidir deyə bilərik;
Digər nahiyələrdə yerləşən orqanlardan da qarın nahiyəsinə ağrılar yayıla bilər. Məsələn, ağciyərlərin aşağı payları, ürək, uşaqlıq və yumurtalıqlardan. Qarın nahiyəsində yerləşən orqanlar da başqa nahiyəyə ağrılar verə bilər. Məsələn, öd kisəsi ağrısı həm də döş qəfəsinə və sağ kürəyə, mədəaltı vəzinin ağrısı bel və kürək sümüklərinin arasına yayıla bilər.
Nahid Məhərrəmov bildirib ki, digər xroniki ağrılardan fərqli olaraq qarın ağrılarında altda yatan səbəbi bilmədən ağrıkəsicilər qəbul etmək olmaz. Çünki bu durumda ağrının kəsilməsi ilə əsas xəstəlik gizlənə bilir. Bu da ciddi təhlükələrə yol aça bilər.
Bununla belə həkimin sözlərinə görə, hər qarın ağrısının altında ciddi bir xəstəlik olmaya bilər. Ağrının yeri və vaxtı, xəstənin yaşı, cinsiyyəti, yanaşı olan xəstəlikləri, aparılan müayinələr önəmlidir. Zəif ağrının altından çox ciddi xəstəlik çıxa bilər. Məsələn, mədədə bədxassəli şiş. Bəzən də şiddətli, dözülməz ağrı kiçik bir böyrək daşından da ola bilər.
“Xəstədə ağrının səbəbini bilmək üçün anamnez toplanması həyata keçirilir, həmçinin fiziki, laborator və diaqnostik müayinələr aparılır. Bəzən daha dəqiq diaqnozun qoyulması üçün endoskopik müayinəyə ehtiyac duyulur. Qarın ağrısının diaqnozunda diaqnostik (görüntülü) müayinələrin olduqca böyük rolu var. Rentgen müayinəsi vasitəsilə bağırsaq tıxanmaları və yırtılmaları aşkar olunur. Ultrasonoqrafiya vasitəsilə qaraciyər, öd kisəsi, mədəaltı vəzi, dalaq, böyrəklər, sidik kisəsi, prostat, uşaqlıq, yumurtalıqlar, sidik yolu xəstəlikləri, apendisit və s. haqda məlumat almaq olur. Kompüter tomoqrafiyası (KT) və maqnit-rezonans tomoqrafiyasının (MRT) isə qarın bölgəsinin anatomiyasını və bir çox xəstəliklərin dəqiq diaqnozunun asanlaşdırılmasında rolu var”, - deyə o yekunlaşdırıb.