Böyrəklərin fəaliyyətini pozan və xroniki iltihablaşmasına gətirən hansısa bir xəstəlik böyrəklərin xroniki xəstəliyinə səbəb ola bilər.
Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nefroloq Elnur Fərəcov deyib.
Onun sözlərinə görə, bu, ilk növbədə dünyada ən çox rast gəlinən xəstəliklərdən olan şəkərli diabet və onun ilkin fəsadlarından sayılan diabetik nefropatiyadır.
“Yüksək arterial təzyiqin nəticəsində yaranan hipertenziv nefropatiya fərqli tipli xroniki qlomerulonefritlər, kəskin gedişatlı vaskulitlər və başqa birincili və ya ikincili autoimmun xəstəliklərə aiddir. Xroniki pielonefrit, böyrək daş xəstəliyi və başqa müxtəlif səbəbli olan xroniki sidik yollarının infeksiyaları zamanında düzgün müalicə olmadığı təqdirdə böyrəklərin xroniki xəstəliyi ilə nəticələnə bilər”, - deyə həkim bildirib.
O əlavə edib ki, böyrəklərin polikistoz xəstəliyi və Alport sindromu kimi bəzi irsi patologiyalarda fəaliyyətinin pozulmasına gətirir:
“Əlavə olaraq, neftoksik təsiri olan dərman preparatlarının düzgün olmayan qaydada qəbulu da xroniki böyrək xəstəliyi ilə nəticələnə bilər. Qeyd olunan xəstəlikləri mövcud olan və ən önəmlisi həkim nəzarətində olmayan insanlar risk qrupunda olanları təşkil edir”.
Elnur Fərəcovun sözlərinə görə, əksər hallarda başlanğıcda ciddi bir şikayətlər müşahidə olunmur və bir qrup xəstələrdə çox irəli mərhələdə böyrək çatışmazlığı aşkar olunur:
“İlkin simptomlar kimi arterial təzyiqin yüksəlməsi və aşağı ətraflarda ödəmlərin olmasını qeyd etmək olar. Əlavə olaraq, günlük sidiyə getməkdə dəyişiklər, gecələr tez-tez getmə və ya getmə zamanı yanma, göynəmə olması kimi şikayətlər əmələ gəlir. Halsızlıq, iştahasızlıq, ürəkbulanma, təngnəfəslik, qaşınma və aşağı ətraflarda olan qıcolmalar kimi simptomlar daha sonrakı mərhələdə olan xəstələrdə müşahidə olunur”.