Böyük Adron Kollayderi vaxtından əvvəl dayandırıldı

Noyabrın 28-də Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) Böyük Adron Kollayderinin (LHC) illik texniki dayandırılmasına başlayıb.

Sentyabrda CERN kollayderin “hazırkı qlobal enerji böhranı fonunda” vaxtından iki həftə əvvəl bağlanacağını elan etdi. Əvvəlcə LHC-nin planlaşdırılmış bağlanması dekabrda baş tutmalı idi. Kollayderin dayandırılması elektrik enerjisi təchizatçısı olan Fransanın “Electricite de France” şirkəti ilə razılaşdırılıb.

CERN həmçinin bildirib ki, 2023-cü ildə kompleksin istismarı 20% azalacaq. Mərkəz qeyd edib ki, bu tədbir, eləcə də LHC-nin bağlanması enerji istehlakını əhəmiyyətli dərəcədə azaldacaq.

Kollayderin ən azı ildə bir dəfə, adətən qışda dayandırılması planlaşdırılır. Sentyabr ayında CERN, şəbəkənin pik vaxtlarında bəzi hissəcik sürətləndiricilərini söndürmək üçün plan hazırladığını açıqlayıb.

CERN Fransa-İsveçrə sərhədində yerləşir. Kollayder Fransada elektrik enerjisinin ən böyük istehlakçılarından biridir. Ən yüksək nöqtədə mərkəz təxminən 200 MVt enerji istifadə edir ki, bu da kompleksə ən yaxın şəhər olan Cenevrənin enerji istehlakından üç dəfə çoxdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ