Uşaqlarda şəkərli diabet: yaranma səbəbləri, əlamətlər və qidalanma qaydaları

Uşaqlıq və yeniyetməlik dövründə daha çox şəkərli diabet tip 1 rast gəlinir. Bu tip şəkərli diabet poligen multifaktorlu xəstəlikdir. Əsasında insulinin mütləq çatışmazlığına gətirib çıxaran mədəaltı vəzin β-hüceyrələrinin immunasıllı və ya idiopatik destruksiyası durur. Uşaq yaşlarında tip 2 şəkərli diabetə də rast gəlinir. Onun rastgəlmə tezliyi bu yaş dövründə əlbəttə ki, tip 1 şəkərli diabetə nisbətən az olur. Şəkərli diabet tip 2 əsasən insulinə rezistentlik və nisbi insulin çatmazlığı ilə yaranan karbohidrat mübadiləsinin pozulmasıdır.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva-Bayramova uşaqlarda şəkər xəstəliyinin yaranma səbəbləri, onun əlamətləri, diabetdən əziyyət çəkən uşaqların qidalanması ilə bağlı sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, xəstəliyin hər iki tipinin yaranmasında irsi meyilliliyin böyük rolu var. Tip 1 şəkərli diabeti yaradan patoloji genlər 6-cı xromosomun qısa çiynində yerləşir. Tip 2 şəkərli diabetə meyilliliyi yaradan genlər 11-ci xromosomla bağlıdır. Əlbəttə, xəstəliyin başlanması üçün hər halda müxtəlif faktorlar lazımdır. Onlar təkan rolunu oynayır. Şəkərli diabet tip 1 üçün təkanverici faktor kimi virus infeksiyaları durur. Bu müxtəlif viruslar ola bilər. Şəkərli diabet tip 2 üçün təkanverici faktor kimi artıq çəki, piylənmə, stres və s.

Həkim qeyd edib ki, xəstəliyin hər iki tipinin əlamətləri eyni ola bilər: ağızda quruluq, susuzluq, tez-tez sidiyəgetmə, ümumi zəiflik, yorğunluq. Tip 1 şəkərli diabet zamanı əlavə olaraq arıqlama, aclıq hissi, əsəbilik, yuxusuzluq ola bilər.

“Tip 2 şəkərli diabet zamanı əlavə kökəlmə, piylənmə, gün ərzində bir neçə dəfə səbəbsiz güclü aclıq hissi ola bilər. Tip 1 şəkərli diabet diaqnozu gec qoyulanda (həkimə müraciət gecikəndə) xəstələrdə ketoasidotik vəziyyət və ketoasidotik koma yarana bilər. Ketoasidotik vəziyyət zamanı bütün deyilən şikayətlər kəskinləşir və əlavə olaraq ürəkbulanma, qusma, qarın nahiyəsində kəskin ağrılar, nəfəsdən aseton iyi gəlir, ağır formalarda huşun itməsi olur. Müalicə gecikdiyi halda tip 2 şəkərli diabetdən əziyyət çəkənlərdə piylənmə dərəcəsi arta bilər”, -deyə o bildirib.

Endokrinoloq diabeti olan uşaqların necə qidalanmasını da açıqlayıb. Onun sözlərinə əsasən, şəkərli diabetdən əziyyət çəkən uşaqlara tez həll olunan karbohidratları (şəkər tozu tərkibli məhsullar) qida rasionundan çıxarmaları tövsiyə olunur. Eyni zamanda, gec həll olunan karbohidratların, yağların və zülalların nisbəti gün ərzində düzgün tənzimlənməlidir. Meyvə payını sutkada bir neçə yerə bölməli və onları əsasən yeməkdən sonra qəbul etməlidirlər.

Həkim həmçinin əlavə edib ki, şəkərli diabetdən əziyyət çəkən uşaqlar demək olar ki, bütün idman növləri ilə məşğul ola bilərlər. 

“Əlbəttə, uşağın ümumi fiziki vəziyyətindən çox şey asılıdır. Yeni diaqnoz qoyulmuş şəkərli diabet və xəstəliyin heç bir ağırlaşması olmayan uşaqlar ümumi qayda ilə idmanla məşğul ola bilərlər. 1-ci tip şəkərli diabeti olan uşaqlar insulin müalicəsində olduqlarına görə məşqlərdən əvvəl insulin dozalarını azaltmaq və yaxud idmana getməmişdən əvvəl qidalanmaları barədə mütləq təlimləndirilməlidirlər. Fiziki yüklənmə zamanı qanda şəkər tez düşür və bu, onlarda hipoqlikemik vəziyyət yarada bilər. Həmin vəziyyət tip 2 şəkərli diabet pasiyentlərində də yarana bilər. Ona görə idman dərsindən əvvəl qida qəbulu olmalıdır. Əlavə olaraq özləri ilə mütləq kiçik porsiya qida aparmalıdırlar, çünki məşqdən sonra qəbuletmə zərurəti yarana bilər.

Tip 1 və tip 2 şəkərli diabetin ağırlaşmalarının (diabetik retinopatiya, diabetik nefropatiya, diabetik neyropatiya, diabetik pəncə və s) 2-ci, 3-cü mərhələləri zamanı idmanla məşğul olmağa xüsusi qruplarda icazə verilir. Elə mərhələlər ola bilər ki, idmanla məşğul olmaq qadağan edilə bilər. Bütün bunlara baxmayaraq, müəyyən dövrlərdə və xəstələrin individual olaraq vəziyyətlərindən asılı olaraq idmanla məşğul olmağa icazə verilir. Tip 1 şəkərli diabet xəstələri arasında Olimpiya oyunlarının qalibləri də var”, - deyə o yekunlaşıdırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ