Ukrayna prezidenti Volodimir Zelenski ənənəvi videomüraciətində Rusiyanın müdafiə naziri Sergey Şoyqunun “çirkli bomba” ilə bağlı açıqlamaları münasibət bildirib və dünya ictimaiyyətini onlara “mümkün qədər sərt cavab verməyə” çağırıb.
“Bu gün Rusiya müdafiə naziri telefon karuseli təşkil edəndə və xarici işlər nazirlərinə “çirkli nüvə bombası” haqqında hekayələr danışanda hər kəs hər şeyi yaxşı başa düşür”, - Zelenski deyib.
Onun sözlərinə görə, dünya Rusiyanın Ukraynanın qondarma “təxribatları” ilə bağlı əsassız ittihamlarına mümkün qədər sərt reaksiya verməlidir.
“Əgər Rusiya eskalasiyanı daha da artırmaq istəyirsə, dünyanın bunu qəbul etməyəcəyini görməlidir”, - prezident hesab edir.
Xatırladaq ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bazar günü Fransa, Türkiyə, Britaniya və ABŞ-dan olan həmkarları ilə telefon danışığı aparıb və onlara “Ukraynanın çirkli bomba”dan istifadə etmək barəsində niyyətindən danışıb.