Türkiyə bankları səfərbərlik elan edildikdən sonra ölkədə həddən artıq çoxalan rusiyalılar üçün bank kartlarının alınması prosedurunu çətinləşdirməyə başlayıb. Bu barədə Rusiya mətbuatı yazır.
“Rusiyada qismən səfərbərlik elan edildikdən sonra Türkiyəyə gələn və kart açmağa çalışan rusiyalıların sayı xeyli artıb. Heç də bütün bank işçiləri onlara xidmət etmək istəmir”, - deyə Türkiyədə sənədlərin tərtibinə kömək edən ekspert bildirib.
Onun sözlərinə görə, banklar heç bir səbəb olmadan hesab açmaqdan imtina edə bilmirlər, ona görə də əlavə sənədlər tələb edirlər və ya hesab açmaq üçün böyük məbləğdə depozitlər istəyirlər.
Bank işçiləri hesab açmaq istəyən rusiyalıların sentyabr axınının öhdəsindən gələ bilmir. Əgər normal rejimdə bir saat ərzində yeddiyə qədər hesab aça bilirlərsə, xaricilər müraciət etdikdə bir hesabın açılması proseduru 1-1,5 saata qədər uzanır.