İşıq, su və istilik olmayacaq - Ukraynalılara xəbərdarlıq edildi

Ukrayna vətəndaşları bütün ölkə ərazisində elektrik enerjisinin, suyun və istiliyin kəsilməsinə hazır olmalıdırlar. Bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müavini Kirill Timoşenko milli telemarafonun efirində bildirib.

“Ölkədə vəziyyət kritikdir. Bir bölgə digərindən asılıdır. Bütün ölkədə həm elektrik enerjisi, həm su, həm də istilik təchizatında fasilələr ola biləcəyinə hazırlaşmaq lazımdır”, - deyə “Strana” qəzeti onun sözlərini sitat gətirir.

Ukrayna prezidenti Volodimir Zelenski bir müddət əvvəl bildirib ki, oktyabrın 10-dan bu yana ölkədə elektrik stansiyalarının 30%-i sıradan çıxıb və bu, elektrik enerjisinin verilişində kütləvi fasilələrə səbəb olub. Kremlin bu cür hərəkətlərindən sonra “Putin rejimi ilə danışıqlara yer qalmayıb” deyə o, Twitter hesabında yazıb.

Oktyabrın 10-dan Rusiya Ukrayna şəhərlərinə kütləvi zərbələr endirir. Vladimir Putin bu hücumları oktyabrın 8-də Krım körpüsündə baş verən partlayışa cavab adlandırıb. Rusiya Federasiyasının Müdafiə Nazirliyi yalnız Ukraynanın hərbi və enerji infrastrukturu obyektlərinə hücum etdiyini iddia edir. Ukrayna hakimiyyəti Rusiyanın atəşi nəticəsində dinc sakinlərin öldüyünü bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ