Oktyabrın 12-də BMT Baş Assambleyası Ukraynanın dörd regionunun “qanunsuz ilhaq cəhdini” pisləyən və Rusiyadan qoşunlarını dərhal Ukrayna ərazisindən çıxarmağı tələb edən qətnamə qəbul edib. Baş Assambleyanın qətnaməsi məcburi olmasa da – Rusiyanın hökumətyönlü mediası və şərhçilərinin vurğuladıqları kimi – bu, Ukrayna və onun müttəfiqləri üçün mühüm simvolik qələbədir.
Səsvermənin nəticəsi necə oldu?
Sənədin lehinə 143 ölkə səs verib, 35 ölkə bitərəf qalıb, daha beş ölkə isə (RF özü də daxil olmaqla) Rusiyanı dəstəkləyib. Müqayisə üçün qeyd edək ki, Krımın ilhaqını pisləyən qətnamə 43, Rusiyanın Ukraynaya təcavüzünü pisləyən mart qətnaməsi isə iki səs az toplayıb. Hətta 1980-ci ilin yanvarında Sovet İttifaqının Əfqanıstana müdaxiləsi daha az ölkə tərəfindən pislənib: o zaman 104-ə qarşı 18 səs var idi.
Səsvermənin nəticələri göstərdi ki, Ukraynadakı müharibə sadəcə Rusiyanın iştirak etdiyi hansısa lokal münaqişə deyil, dünyanın bütün regionlarından əksər ölkələr tərəfindən pislənən BMT Nizamnaməsinin əsaslı şəkildə pozulmasıdır.
“Politico” nəşri yazır ki, Rusiyanın uğursuz şəkildə qapalı keçirməyə çalışdığı səsvermədən əvvəl ABŞ və Aİ ölkələri tərəfindən ənənəvi olaraq həssas məsələlərdə bitərəf olmağa üstünlük verən ölkələri qətnaməyə səs verməyə inandırmağa çalışan “lobbiçilik kampaniyası” aparılıb. “Politico”nun mənbələrinə görə, bu kampaniyanın uğurunun ölçüsü mart ayında keçirilən səsverməyə nisbətən eyni və ya daha çox (həmin qətnamə 141 səs toplamışdı) səs toplamaq idi. Və sənəd əvvəlki qətnaməyə nisbətdə daha iki səs əlavə topladı. Qəzet yazır ki, belə bir nəticəyə nail olmaq üçün Ukraynanın müttəfiqləri qətnamənin mətnində Rusiyanı tənqid etmək yox, ilhaq və qondarma referendum yolu ilə bir ölkənin ərazi bütövlüyünün pozulmasının yolverilməzliyinə diqqət yetiriblər.
Bu, məsələn, Rusiyanın Balkanlarda ənənəvi müttəfiqi olan Serbiyanın qətnaməni dəstəkləyən səsini izah edir. Hələ mart ayında prezident Aleksandr Vuçiç Rusiyaya qarşı sanksiyaları dəstəkləməsə də, “BMT-nin üzvü olan bir ölkənin ərazi bütövlüyünün pozulmasının pislənilməsinin vacib olduğunu” vurğulamışdı.
Serbiyanın xarici işlər naziri Nikola Selakoviç sentyabrda oxşar bəyanatla çıxış edib. O bildirib ki, “[Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində keçirilən “referendumların” nəticələrinin tanınması bizim milli maraqlarımıza və ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının qorunması siyasətinə tamamilə ziddir”.
Kosovonun müstəqilliyinin dünyanın bir çox ölkəsi tərəfindən tanınmasının qeyri-qanuni olduğunu israrla vurğulayan Serbiya üçün bu, Rusiya ilə dostluq münasibətlərindən daha vacib, prinsipial məsələdir. Baxmayaraq ki, 2008-ci ildən bəri Kosovodan BMT-yə səfirin namizədliyini təsdiqləmək cəhdlərini ardıcıl olaraq əngəlləyən Rusiyadır. Bundan əlavə, “Euractiv” nəşrinin xəbərinə görə, mart ayında Aİ səfirləri Belqrada məlumat veriblər ki, ölkənin Avropa İttifaqına inteqrasiya perspektivləri daha çox Serbiyanın BMT-dəki səsverməsindən asılıdır.
Maraqlıdır ki, qətnaməyə səslərin bir hissəsi artıq devrilmiş hökumətlərin BMT-də təmsil olunan səfirləri tərəfindən verilib. Bu, məsələn, “Taliban”dan qaçan Əşrəf Qani hökumətinin təyin etdiyi səfiri əvəz edən müvəqqəti işlər vəkili Nasir Əhməd Faikin səs verdiyi Əfqanıstandır. Belə ki, “Taliban”dan olan yeni səfir BMT tərəfindən tanınmayıb.
Myanma ilə də vəziyyət eynidir – ölkəni BMT-də Aun San Su Kyi mülki hökuməti tərəfindən təyin edilmiş diplomat Kyau Moe Tun təmsil edir. 2021-ci ildə hərbi xunta Myanmada hakimiyyəti ələ keçirib, lakin “Taliban” kimi, beynəlxalq səviyyədə tanınmağa nail ola bilməyib.
Bəs, qətnamənin əleyhinə hansı ölkələr səs verib?
Rusiyanın özündən başqa yalnız dörd ölkə:
• Belarus;
• Suriya;
• Nikaraqua;
• KXDR
Beləliklə, 2014-cü ilin “Krım” qətnaməsi ilə müqayisədə Rusiya altı müttəfiqini itirdi. Belə ki, o zaman Ermənistan, Boliviya, Kuba və Zimbabve Krımın ilhaqının pislənməsinin əleyhinə səs verib, indi isə bitərəf qalıb. Digər müttəfiq Sudan da (2011-ci ildə ondan ayrılan Cənubi Sudan kimi) qərarını dəyişərək bitərəf qalıb.
Həmçinin Venesuela da Putini dəstəkləmək üçün səs verə bilməyib. Ölkə ardıcıl olaraq Rusiyanın maraqlarına səs verir, lakin bu il onun belə imkanı yoxdur. Venesuelanın BMT-dəki nümayəndəsi sadəcə olaraq üzvlük haqqının mütəmadi şəkildə ödənilməməsinə görə səsvermə hüququndan məhrum edilib (eyni səbəbdən İran nümayəndəsi səsvermədə iştirak etməyib).
Eyni zamanda, Belarus və Suriyanın qətnamənin əleyhinə səs verməsini çətin ki, tamamilə azad adlandırmaq olar – belə ki, Aleksandr Lukaşenko və Bəşər Əsəd rejimləri əsasən Rusiya hakimiyyətinin köməyinə arxalanırlar.
Bəs Şimali Koreya niyə Rusiyanı dəstəkləyir?
Seuldakı Kunminq Universitetinin müəllimi, şərqşünas Andrey Lankov “Meduza”ya açıqlamasında bildirib ki, KXDR nümayəndəsinin Rusiyanın ilhaqını pisləyən qətnaməyə qarşı səsinin arxasında sağlam diplomatik hesablama dayanır. O izah edib ki, ölkənin xarici siyasəti tamamilə ideologiyasızdır və başa düşülən praqmatik məqsədlər güdür. Şimali Koreya rəhbərliyi anlayır ki, Rusiyanın çoxlu müttəfiqi qalmayıb və onlar “sabah Rusiyadan cavab addımlarına” ümid edirlər.
“Rusiya Çinlə birlikdə BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və Şimali Koreyanın nüvə sınaqları və ballistik raket buraxılışları ilə bağlı sanksiyaların qarşısını ala bilər. Rusiyaya dəstək verən səs Şimali Koreyaya heç nəyə başa gəlmir. Rusiya diplomatiyası bundan ancaq mənəvi məmnunluq alır: üç ölkə yox, dörd bütöv dövlət Rusiyanı müdafiə edib. Buna cavab olaraq, qarşılıqlılıq prinsipi əsasında KXDR potensial olaraq iqtisadiyyatına milyonlarla dollar dəyərində ziyan vurmaqdan qaçacağını gözləyir”.
Yaponiyanın diplomatik mənbəsi “Asahi Shimbun” qəzetinə bildirib ki, 12 oktyabr qətnaməsinin əleyhinə səs verməklə Şimali Koreya Kremlin KXDR-ə qarşı növbəti sanksiyalar paketinə veto qoyaraq “borcunu” ödəyəcəyinə ümid edir.
Növbədə Nikaraquadır
Kolumbiyanın Kali şəhərindəki İsesi Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Vladimir Ruvinski bildirib ki, Nikaraqua sovet dövründən Kremlin köhnə tərəfdaşı olan prezident Daniel Orteqanın yeganə nəzarəti altındadır.
“Latın Amerikasında Orteqanın hətta solçu hökumətlər arasında da az sayda müttəfiqi qalıb. Onun avtoritar rejimi praktiki olaraq təcrid olunub, bu səbəbdən hələ 2008-ci ildə Orteqa qondarma Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyan ilk şəxs olub”.
Professor vurğulayıb ki, Orteqa çox ehtiyatlı və ağıllı siyasətçidir və həm ölkə daxilində, həm də beynəlxalq arenada öz mövqelərini Rusiya hesabına gücləndirməyi gözləyir. Rusiya isə bununla Latın Amerikasında hərbi dayaq əldə edir - 10 iyun 2022-ci ildə ölkə hökuməti Rusiya kontingentinin yerləşdirilməsinə razılıq verib. Bundan əlavə, Rusiya Nikaraqua ordusunu aktiv şəkildə yenidən təchiz edir: məsələn, 2016-cı ildə Nikaraqua köhnəlmiş T-55 və T-62-ni əvəz etmək üçün 50 ədəd T-72 tankını pulsuz alıb.
Hansı ölkələr bitərəf qalıb?
Başa düşmək vacibdir ki, BMT kontekstində prinsipial olaraq səs verməmək və səsvermədə bitərəf qalmaq iki fərqli anlayışdır. Bir ölkə ümumiyyətlə, müxtəlif səbəblərə görə qətnamə üzrə səsvermədə iştirak etməyə bilər. Məsələn, yenicə Burkina-Fasoda daha bir hərbi çevriliş olub və onlar hazırda Ukrayna ilə bağlı keçirilən səsvermənin marağında deyillər. Yaxud ölkənin Venesuela kimi BMT-dəki missiyasını davam etdirməyə və üzvlük haqqını ödəməyə sadəcə pulu yoxdur.
Amma səsvermədə bitərəf qalmaq lehinə və ya əleyhinə səs vermək qədər siyasi mövqedir. 12 oktyabr qətnaməsi ilə bağlı səsvermədə bitərəf qalanlar arasında Afrika ölkələri üstünlük təşkil edir: 35 ölkədən 19-u bu qitədə yerləşir. Onların arasında mart ayında Rusiyanın işğalını pisləyən qətnamənin əleyhinə səs verən Eritreya da var.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən (CSIS) tədqiqatçılar Hanna Rayder və Etsehiuot Kebret Afrika ölkələrinin Rusiya ilə bağlı qətnamələrə səs vermə motivasiyasını aşağıdakı kateqoriyalara təsnif edir:
Prinsipial neytrallığa görə imtina:
Bu qrupa həmçinin Rusiya ilə uzun və səmərəli əməkdaşlığa malik olan ölkələr - məsələn, Uqanda daxildir, lakin eyni zamanda onlar Rusiyanın Ukraynaya hərbi təcavüzünü pisləyən qətnamələrə səsvermədə davamlı olaraq bitərəf qalırlar. Onların neytrallığı Rusiyanın gizli dəstəyinə deyil, Qərbi Sahara və Cənubi Sudan istisna olmaqla, əksər Afrika ölkələrinin Qoşulmama Hərəkatına daxil olmasına əsaslandırırlar. Hərəkatın əsas prinsipləri neytrallıq və suveren dövlətlərin işlərinə qarışmamaqdır.
Qeyd etmək lazımdır ki, bu hərəkatın iştirakçıları elan edilmiş prinsiplərə heç də həmişə ciddi əməl etmirlər - məsələn, Qoşulmama Hərəkatına üzvlüklə yanaşı, hərbi alyansın (KTMT) tamhüquqlu üzvü olan Belarusu götürək. Bu ölkə Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqidir.
Lakin Belarus nümunəsi göstərici deyil. 2023-cü ildə Qoşulmama Hərəkatına sədrlik edəcək ölkə olan Uqanda nümayəndəsi mart ayında hərəkatın prinsiplərinə uyğun olaraq səsvermədə bitərəf olduğunu bəyan edib. Bitərəf qalan digər ölkələrdən ən nüfuzlu olan Hindistan və Çin də oxşar motivasiyaya malikdir (Dehli hərəkatın tamhüquqlu üzvü, Pekin isə müşahidəçi statusuna malikdir).
Digər səbəblərə görə bitərəf qalanlar:
Bu qrupa münaqişənin diplomatik yolla həllində israrlı olan ölkələr daxildir. Bu, məsələn, Cənubi Afrikadır ki, onun Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamenti (yəni Xarici İşlər Nazirliyi) mart ayında ölkənin BMT-dəki daimi nümayəndəsinin bəyanatında niyə bitərəf qaldığını izah edib – CAR-ın BMT-dəki səfiri Mato Coyini qətnamənin dialoqu təşviq etməyən ifadəsindən, habelə qətnamənin mətninin hazırlanması prosedurunun qeyri-şəffaflığından narazı olduğundan şikayət edib. Oktyabrın 12-də o, həmçinin bəyan edib ki, Ukraynanın ərazi bütövlüyünü “müqəddəs” hesab etsə də, ona təcavüz BMT Nizamnaməsinin açıq-aşkar pozulmasıdır, buna baxmayaraq, o, səsvermədə bitərəf qalıb, çünki o, bu qətnamənin münaqişənin sülh yolu ilə həllinə öz töhfəsini verdiyinə inanmır.
Zimbabvenin Xarici İşlər Naziri (2014-cü ildə hətta Robert Muqabe rejimi dövründə də ölkə oxşar qətnamənin əleyhinə səs verib) öz bəyanatında qeyd edib ki, onun ölkəsi BMT-nin başqa bir üzvünə qarşı birtərəfli sanksiyaları dəstəkləmir və bu, guya yalnız vəziyyəti çətinləşdirir və sadə vətəndaşların əzabına səbəb olur.
Eyni zamanda, BMT-də təmsil olunan 54 Afrika ölkəsinin əksəriyyəti Qoşulmama Hərəkatına üzv olmalarına baxmayaraq, ölkələrin, o cümlədən Ukraynanın öz müqəddəratını təyinetmə hüququnun prinsipial neytrallıqdan daha vacib olduğuna inanır.
Hindistan və Çin də bitərəf qaldılar. Onlar Putini dəstəkləmirlər?
Bəli, həm Çin, həm də Hindistan səsvermədə bitərəf qaldı. Britaniyanın “Chatham House” analitik mərkəzinin eksperti Qaret Prays izah edir ki, martda keçirilən səsvermə zamanı Hindistanı ilk növbədə öz vətəndaşlarının təhlükəsizliyi məsələsi narahat edib. Rusiya işğalı başlayanda Ukraynada Hindistandan olan təxminən 20 min tələbə var idi və onların təhlükəsizliyi üçün ölkə nə Ukrayna, nə də Rusiya ilə mübahisə etmək istəmirdi.
Lakin bu problem həll edildikdən və hind tələbələrinin əksəriyyəti Ukraynadan təxliyə olunduqdan sonra da, Hindistanın xarici siyasətinin əsası dəyişməz qaldı - dostluq təklif edən hər kəslə dost olmaq. Prays qeyd edir ki, ölkənin qarşısında iki təhlükəli rəqib var - Pakistan (o da özünü münaqişənin potensial vasitəçisi kimi görmək adı ilə bitərəf qalıb) və Çin. Hindistan düşmənlərin siyahısını artırmaq istəmir.
Nə qədər ki, heç kim onu bu və ya digər tərəfi tutmağa məcbur etmir, Hindistan həmişə öz cibindən Qoşulmama Hərəkatının üzvlük vəsiqəsini çıxaracaq (bunu, Prays görə, digər inkişaf etməkdə olan ölkələr edir).
Eyni zamanda Hindistanın Rusiya ilə dərin iqtisadi əlaqələri yoxdur. 2020-ci ildə Hindistanın Rusiyaya ixracı ümumi həcmin bir faizindən bir qədər çoxunu təşkil edib. İstisna silah tədarüküdür. Bu sahədə azalma olsa da, Hindistan ordusunda artıq xidmətdə olan döyüş maşınları üçün ehtiyat hissələri təmin edilməlidir. Bu səbəbdən ölkə əsas təchizatçı ilə mübahisə etmək istəmir.
Çin isə bu mövqedə özünü getdikcə daha az rahat hiss etməsinə baxmayaraq, eyni anda iki stulda oturmağa davam edir. Pekinin həm Rusiyanı dəstəkləməsinin, həm də onun aqressiv xarici siyasətinə qarşı çıxmasının öz səbəbləri var. Bir tərəfdən, Çin həmişə ərazi bütövlüyü, suverenlik və beynəlxalq hüququn digər normalarının tərəfdarı olduğunu vurğulayır. Çinin özünün ayrılmaz hissəsi hesab etdiyi Tayvanla problemi var, ona görə də başqalarının işğal olunmuş ərazilərdə ilhaq etmək və “referendum” keçirmək cəhdləri onu “əsəbiləşdirir”.
Digər tərəfdən isə Qərbdən Çinə təzyiq var. Qərb deyir ki, “biz sizə lupa ilə baxacağıq və əgər siz Putin rejiminin şəriki olsanız, bunun ciddi fəsadları olacaq”.
Daha bir məqam ondan ibarətdir ki, Rusiya ilə münasibətlər Çin üçün çox vacibdir - minlərlə kilometr sərhədi və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan iki nəhəng qonşu. Buna görə də Çin kifayət qədər metodik və ardıcıl olaraq öz neytral mövqeyini saxlayır.
Çin tərəfi getdikcə bu vəziyyətdə daha çox qalib gəlir. Əgər başqaları Rusiya neftini və qazını almaqdan imtina edərsə, o zaman Çin bunu edəcək - özünün təyin edəcəyi qiymətlərlə.