Beynəlxalq insan haqları təşkilatı “Amnesty International” iddia edir ki, Latviya hakimiyyəti Belarusla sərhəddə miqrant böhranı zamanı qaçqınları saxlayaraq bəzi hallarda onlara işgəncə verib.
Hüquq müdafiəçilərinin hesabatında Latviya hakimiyyətinin qaçqınlarla, o cümlədən uşaqlarla pis rəftar etdiyi bildirilir. Təşkilatın məlumatına görə, insanlar Latviya meşələrində saxlanılıb, çoxları döyülüb, bəzilərinə elektroşokla işgəncə verilib. “Amnesty International”ın hesabatında qeyd olunur ki, bəzi miqrantlar öz ölkələrinə “könüllü” qaytarılıblar, bəzilərini isə bir neçə dəfə zorla Belarusa göndəriblər.
“Latviya hakimiyyəti kişiləri, qadınları və uşaqları soyuq havada meşələrdə və ya çadırlarda saxlayıb”, - “Amnesty International”ın Avropa institutlarındakı nümayəndəliyinin rəhbəri Yeva Qeddi bildirib. O, Latviyanı beynəlxalq hüququ pozmaqda ittiham edib.
2021-ci il avqustun 10-da Latviya Belarusla sərhəddə fövqəladə vəziyyət elan edib və dörd sərhəd bölgəsində sığınacaq istəyən şəxslərə qadağa qoyub. Hesabat müəlliflərinin fikrincə, Latviya hakimiyyətinə insanları zorla Belarusa qaytarıb.
Beş ay sərhəddə qalan Həsən adlı İraq vətəndaşı hüquq müdafiəçilərinə deyib ki, Latviya hakimiyyətinin nümayəndələri qaçqınları paltarsız gəzməyə məcbur edib, Belarusa geri göndərildikdə isə onları öldürməklə hədələyiblər. Digər iraqlı Adil bildirib ki, Latviya meşələrində bəzi miqrantlar çadırlarda saxlanılıb, bəziləri isə qışda qarda yatmalı olub. Daha bir iraqlı Ömər isə Belarusa qayıtmaq üçün müqavilə imzalamağa məcbur olduğunu qeyd edib.
Sərhəddəki insanlardan telefonları götürülüb ki, bu da bir ailənin üzvlərinin bir-biri ilə əlaqə saxlamasına mane olub. 2021-ci ilin avqust-noyabr aylarında itkin düşdüyü iddia edilən 30-dan çox miqrantın qohumları Latviyadakı hüquq müdafiəçiləri ilə əlaqə saxlayıb.
“Latviya, Litva və Polşa Belarusdan “hibrid hücuma” məruz qaldıqlarını bəhanə edərək ciddi pozuntular törətməkdə davam edirlər. Fövqəladə vəziyyət rejimi Latviya hakimiyyətinə insanları qanunsuz olaraq Belarusa qaytarmağa imkan verir. Çoxları müstəqil nəzarət olmadan zorakılığa, özbaşına həbslərə və digər sui-istifadələrə məruz qala bilərlər”, - Yeva Qeddi bildirib.
Latviya hakimiyyəti ittihamları rədd edir.