Çelyabinsk vilayətində səfərbər edilən beş nəfər “Donbassda xüsusi hərbi əməliyyat zonasında” həlak olub.
Bu barədə 74.ru nəşri Çelyabinsk vilayətinin qubernatoru və hökumətinin mətbuat xidmətinə istinadən yazır.
Ölənlərin hamısı Çelyabinsk vilayətinin Korkino şəhərindən hərbi xidmətə çağırılıb.
“Təəssüf ki, Korkino Hərbi Komissarlığından çağırılmış beş nəfərin ölümü ilə bağlı məlumat təsdiqini tapıb. Biz onların ailələri ilə birgə yas tutur, səmimi və dərin başsağlığı veririk”, - qubernatorun və hökumətin mətbuat xidmətindən 74.ru-ya bildiriblər.
Qeyd edilib ki, həlak olanların ailələrinə təcili qaydada bir milyon rubl və digər ödənişlər veriləcək.
“BBC Russia” bildirir ki, Rusiyada hakimiyyət ilk dəfə olaraq səfərbərliklə hərbi xidmətə çağırılan şəxslərin ölümünü təsdiqləyib. Ukraynada səfərbər edilmiş insanların həlak olması ilə bağlı ilk xəbərlər bu həftənin əvvəlində gəlməyə başlayıb, lakin hakimiyyət onları şərh etməyib.
Rusiyada səfərbərlik sentyabrın 21-də başlayıb. Hesablamalarına görə, həmin vaxtdan səfərbər olunan, lakin cəbhəyə göndərilməyən 20-yə yaxın kişi həlak olub.