Yüz minlərlə insanın ölümündə əli olan təbliğatçını mühakimə edirlər - O 20 ildən çox gizlənib

1994-cü ildə Ruanda soyqırımına görə məsuliyyət daşıyan silahlı qrupları və siyasi təşkilatları maliyyələşdirməkdə ittiham olunan ruandalı iş adamı, 89 yaşlı Felisyen Kabuqa Haaqada məhkəmə qarşısına çıxarılıb. Müxtəlif versiyalar görə, faciəvi hadisələr zamanı 500 mindən bir milyona qədər insan ölüb. Kabuqa 20 ildən artıqdır ki, gizlənirdi. O, 2020-ci ildə Paris yaxınlığında həbs edilib.

Tutsi xalqının soyqırımından əvvəl Ruandada 1990-cı ildə başlayan və 1993-cü ilin yayında sülh razılaşması ilə sona çatan vətəndaş müharibəsi baş verib. 1994-cü ilin yazında Ruanda prezidenti Juvenal Habiarimanın təyyarəsi ölkənin paytaxtı Kiqaliyə yaxınlaşarkən vurulub. Bunun ardınca dinc əhaliyə qarşı qırğınlar baş verib, ölkədə hərbi əməliyyatlar yenidən başlayıb.

Təxminən həmin illərdə “Min təpənin Azad Radio və Televiziyası” təbliğat radiosu yayımlanmağa başladı. Tezliklə gənclər arasında populyarlıq qazanan radio 1994-cü ilə qədər 24 saatlıq yayım formatına keçdi.

“Min Təpənin Azad Radio və Televiziyasının efirində “Tarakansansa, öldürülməlisən, heç nəyi dəyişə bilməzsən” kimi ifadələr səslənirdi.

Radiostansiyanın işçiləri sırf hutu idilər və onun informasiya siyasəti tutsilərə qarşı nifrəti qızışdırmaqdan ibarət idi. Radio verilişlərində tutsi xalqının nümayəndələri və ya Ruanda Vətənpərvər Cəbhəsinin üzvlərinin adları və ünvanları açıqlanırdı. Radio tutsiləri tarakanlarla müqayisə edən misantropi mesajlar verirdi. 

Felisyen Kabuqa “Min təpənin Azad Radio və Televiziyası”nın təsisçisi və baş sponsoru hesab edilir. Bundan əlavə, o, dinc əhaliyə qarşı qırğınlar törədən “interahamve” silahlı qruplaşmasına dəstək verməkdə ittiham olunur. Kabuqanın bu qruplara maddi, maddi-texniki və maliyyə dəstəyi verdiyi, xüsusən də silahlılar üçün yüz minlərlə xəncər və digər silahlar aldığı güman edilir.

Ruanda Vətənpərvər Cəbhəsi 1994-cü ilin iyulunda Kiqali şəhərini ələ keçirib. Felisyen Kabuqa ölkədən qaçıb. O, 23 il ərzində dünyanın ən çox axtarılan cinayətkarlarından biri hesab olunub.

Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalının keçmiş baş prokuroru Stiven Rappın sözlərinə görə, Kabuqa 1994-cü ildə İsveçrəyə qaçıb və oradan sığınacaq istəyib. Bundan sonra o, bir sıra başqa Avropa ölkələrində də görünüb. Daha sonra isə, Kabuqa 1997-ci ilə qədər yaşadığı Keniyada məskunlaşıb, BMT tribunalı onu rəsmi olaraq soyqırım, soyqırıma açıq çağırış və bəşəriyyətə qarşı cinayət maddələri ilə ittiham edib.

2001-ci ildə BMT məhkəməsi onun bank hesablarını dondurub, 2002-ci ildə isə ABŞ hökuməti Kabuqanın tutulmasına görə 5 milyon dollar mükafat təklif etdi. Bununla belə, o 2020-ci ilə qədər həbsdən yayına bilib - Kabuqa Paris yaxınlığındakı kirayə qaldığı evdə Fransa hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Tribunal nümayəndəsi bildirib ki, polis əməkdaşları onun qohumlarından gələn zəngləri izləməklə yerini müəyyən edə biliblər. Həbsdən əvvəl Fransa, Belçika və Britaniya polisinin iştirakı ilə uzunmüddətli beynəlxalq araşdırma aparılıb.

Həbs edildikdən sonra Kabuqa BMT-nin Ruanda Tribunalının qərargahının yerləşdiyi Tanzaniyanın Aruşa şəhərinə aparılmalı idi, lakin tibbi ekspertlər onun köçürülməsinin sağlamlığına təhlükə yarada biləcəyi ilə razılaşıblar. Kabuqanın işinə hazırda Haaqa məhkəməsində baxılır. Təqsirləndirilən şəxsin yaşı ilə əlaqədar iclaslar həftədə üç dəfə və gündə iki saat keçiriləcək.

“The New York Times” yazır ki, Felisyen Kabuqanın məhkəməsi çox güman ki, 2016-cı ildə rəsmi olaraq bağlanan Ruanda Tribunalının sonuncu böyük işi olacaq. Məhkəmə yüksək vəzifəli dövlət məmurlarının və hərbçilərin ittiham olunduğu 80-ə yaxın işə baxıb və 60-dan çox hökm çıxarıb. Ümumilikdə, 1994-cü il hadisələrindən sonra minlərlə müttəhim müxtəlif instansiya məhkəmələri qarşısına çıxıb.

Felisyen Kabuqa günahını etiraf etməkdən imtina edir. Açılış nitqində onun müdafiəsi prokurorluğun iddialarını əsassız adlandıraraq Kabuqanın irimiqyaslı münaqişəyə qarışan sadə bir iş adamı olduğunu bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ