ABŞ və İran bir-birinin ordusunu terror təşkilatı elan etdi

ABŞ prezidenti Donald Tramp dünyanı qarışdıracaq növbəti qalmaqallı sənədə imza atıb. 

Buta.media NBC-yə istinadən xəbər verir ki, Tramp İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan edib.

Bununla da ABŞ hökuməti tarixində ilk dəfə başqa bir ölkənin rəsmi güc strukturunu – ordusunu terror təşkilatı olaraq tanıyıb.

Prezident Trampın bu addımı Vaşinqtona dost olmayan ölkələrin ABŞ ordusu və təhlükəsizlik qüvvələrinə qarşı analoji addım ata bilmələrinə şərait yaratdığı səbəbindən ölkə daxilində sərt tənqid edilir.

İranın Ali Milli Təhlükəsizlik Şurası isə ABŞ Silahlı Qüvvələrini özünün terrorçu təşkilatlar siyahısına daxil edib.

Qeyd edək ki, ABŞ ötən ayın sonunda İran İran İslam İnqilabı Keşikçiləri Korpusunu, eləcə də SEPAH-a bağlı bəzi şəxslər və qurumları qara siyahıya salmışdı.

İslam İnqilabı Keşikçiləri Korpusu İran İslam Respublikasının silahlı qüvvələrinin ən böyük qoşunudur. Xalq içində və xüsusilə İran diasporunda orduya mənsub insanlara təşkilata olan heyranlıqlarını bildirmək üçün farsca keşikçi mənasını verən “Pasdaran” deyilir. “İslam İnqilabı Keşikçiləri Korpusu”na qısaca “SEPAH” deyilir.

5 may 1979-ci ildə İslam inqilabının  ilk günlərində dini lider Ayətullah Xomenyi tərəfindən yaradılıb. İran konstitusiyasına uyğun olaraq daxili sabitliyin təmin edilməsi, inqilabın qorunması və "azğınlığın" qarşısının alınması üzrə vəzifələri həyata keçirir.

İnqilab keşikçilərinin quru, hava və dəniz qoşunlarında ümumilikdə 125,000 şəxsi heyət xidmət edir. İnqilab keşikçilərinin dəniz qoşunları Fars körfəzində hərəkətə nəzarəti təmin etmək vəzifəsi verilmiş ilk qoşundur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ