Almaniya dörd Iris-T SLM hava hücumundan müdafiə sistemindən birincisini Ukraynaya təhvil verib. “Der Spiegel” yazır ki, bu, Almaniyanın ən müasir hava hücumundan müdafiə sistemidir.
Iris-T SLM zenit-raket kompleksi üç maşından ibarətdir: hərbi yük maşınında işəsalma qurğusu, radiolokasiya maşını və komandir maşını. Zenit raketləri 20 kilometrə qədər yüksəklikdə və 40 kilometrə qədər məsafədə olan hədəfləri vura bilir.
Almaniya kansleri Olaf Şoltz yeni silahların tədarükünü hələ iyun ayında elan edib, lakin ilk sistemlərin Ukraynaya noyabr ayından tez çatdırılmayacağı ehtimal olunurdu.
Digər üç sistem 2023-cü ildə Ukraynaya veriləcək. Dəqiq tarixlər hələ məlum deyil.
Xatırladaq ki, sentyabrın sonunda Ukrayna ABŞ-dan NASAMS hava hücumundan müdafiə sistemlərini alıb. Bu sistemlər 40-50 kilometr radiusda və 15 kilometrdən çox yüksəklikdə işləyir. NASAMS qanadlı və ballistik raketləri, dronları və təyyarələri vura bilir.