Milyarder Yuri Milner “Tvwitter” hesabında yazıb ki, o və ailəsi 2022-ci ilin yayında Rusiya vətəndaşlığından imtina ediblər. Biznesmenin nümayəndəsi bu məlumatı “Forbes” jurnalına təsdiqləyib.
“2014-cü ildə Krımın Rusiyaya ilhaqından sonra mən və ailəm Rusiyanı həmişəlik tərk etdik. Bu yay biz Rusiya vətəndaşlığından imtina prosesini rəsmən başa çatdırdıq”, - deyə iş adamı bildirib.
Yuri Milner 1999-cu ildə İsrail vətəndaşlığını alıb və bir neçə il bu ölkədə yaşayıb, daha sonra ABŞ-a köçüb.
Forbes 2022-ci ildə Milnerin sərvətini 7,3 milyard dollar qiymətləndirib. İş adamı jurnalın tərtib etdiyi ən zəngin rusiyalılar siyahısında 15-ci yeri tutub.
Bu ilin əvvəlində Yuri Milner, Pavel Durov kimi bəzi digər rusiyalılarla birlikdə “Forbes”dən onları rusiyalı iş adamı hesab etməməyə çağırıb.
İyun ayında daha bir milyarder, “Freedom Finance” investisiya şirkətinin təsisçisi, 10 ildən artıq Qazaxıstanda yaşayan Timur Turlov Rusiya vətəndaşlığından imtina edib.