ABŞ Rusiyanı hədələdi - Ukraynadakı bütün qoşunları məhv ediləcək

Rusiya prezidenti Vladimir Putin taktiki nüvə silahından istifadə etmək qərarına gəlsə, ABŞ Ukraynadakı bütün RF qoşunlarını və texnikasını məhv edəcək, həmçinin Qara dəniz donanmasını batıracaq.

Bunu ABC News-a müsahibəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri, ordunun istefada olan generalı Devid Petreus deyib. 

Onun sözlərinə görə, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin və Çeçenistan lideri Ramzan Kadırovun açıq şəkildə danışdıqları və Putinin özünün də dəfələrlə eyham vurduğu nüvə eskalasiyasına cavabı ABŞ-ın rəhbərlik etdiyi NATO qüvvələri verəcək.

“Biz... Ukrayna və Krımda döyüş meydanında görə biləcəyimiz və müəyyən edə bildiyimiz bütün şərti qüvvələri, eləcə də Qara dənizdəki bütün (Rusiya) gəmilərini məhv edəcəyik”, - Petreus bildirib.

Sabiq MKİ rəhbərinin sözlərinə görə, Kremlin ilhaq edilmiş ərazilərə nəzarəti “müdafiə etməklə” hədələdiyi Ukraynaya nüvə zərbəsi, kollektiv özünümüdafiə prosesini işə salan NATO Nizamnaməsinin 5-ci maddəsinin əsası sayılmayacaq. Lakin belə bir hücumun radiasiyası blok ölkələrinə də çatarsa, o zaman bu vəziyyət NATO üzvü olan bir ölkəyə hücum kimi qiymətləndirilə bilər.

Petreus vurğulayıb ki, Birləşmiş Ştatlar nüvə eskalasiyasına getmək istəmir, lakin “bunun cavabsız qalmayacağını göstərmək lazımdır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ