Ukrayna Prezidenti Volodimir Zelenskinin xanımı Yelena Zelenskaya İstanbulda Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanla görüşüb.
Bu barədə xanım Ərdoğan özünün “Twitter” səhifəsində məlumat verib.
O, paylaşımında Zelenskayanı İstanbulda qəbul etməkdən xoşbəxt olduğunu bildirib.
“İnanıram ki, müharibə qurbanı olan qadınlar və uşaqlar başda olmaqla, Ukrayna xalqının yaralarını birlikdə sara biləcəyik”, - deyə Əminə Ərdoğan qeyd edib.
Görüş zamanı birinci xanımlar ukraynalı yetim uşaqların Türkiyəyə təxliyəsini müzakirə ediblər. Qeyd olunur ki, iki ölkənin birgə işi çərçivəsində Kiyev Odessa vilayətindəki iki uşaq evindən bir qrup azyaşlını təxliyə etməyi planlaşdırır.
Bundan əlavə, Zelenskaya Əminə Ərdoğana yeni xeyriyyə fondu “Olena Zelenska Fundation” haqqında danışıb və türk iş adamlarını layihəyə qoşulmağa dəvət edib. Onun sözlərinə görə, fond vasitəsilə Ukraynada tibb və təhsil sahələrinin bərpası, habelə humanitar yardımın göstərilməsi üçün pul göndərilə bilər.