Rusiyada polislərə ölkədən çıxışa qadağa qoyuldu

RF Daxili İşlər Nazirliyinin rəhbəri Vladimir Kolokoltsev səfərbərlik elan edildikdən sonra polis əməkdaşlarına Rusiyanı tərk etməyi qadağan edib. Bu barədə 47 news, Vestnik ATOR və Baza Teleqram kanalları məlumat yayıb.

İddia olunur ki, qadağa ilə bağlı sərəncam sentyabrın 23-də imzalanıb. Belə ki, səfərbərlik elan edildikdən sonra aviabilet və ya tur alan hüquq-mühafizə orqanlarının əməkdaşları onlardan istifadə edə bilməyəcəklər.

Bu məlumatı ATOR öz mənbələrinə istinadən təsdiqləyib. Baza qeyd edir ki, səfərbərlik elan edilməmişdən əvvəl bilet almasına baxmayaraq, bir işçiyə Rusiyanı tərk etmək icazəsi artıq verilməyib.

Teleqram kanalı dövlət sirlərinə çıxışı olan polis əməkdaşlarına xarici pasportları təhvil verilməsi barədə göstəriş verildiyinə də diqqət çəkir.

Sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin ölkədə səfərbərlik elan edib. Rəsmi məlumatlara görə, hakimiyyət 300 minə qədər rusiyalını hərbi xidmətə cəlb etmək niyyətindədir. Meduza-nın məlumatına görə, Rusiyada “qismən səfərbərlik” çərçivəsində bir milyondan çox adam çağırıla bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ