ABŞ və müttəfiqlərinin kəşfiyyat xidmətləri Ukrayna ərazisinə mümkün nüvə zərbəsinə hazırlığı izləmək üçün Rusiyaya nəzarəti gücləndirib. Bu barədə ABŞ-ın beş keçmiş və indiki rəsmisinin sözlərinə istinadən “Politico” nəşri yazır.
Nəşrin həmsöhbətləri xəbərdarlıq ediblər ki, nüvə zərbəsinə hazırlığın ilk əlamətləri çox gec aşkarlana bilər, çünki Rusiya qitələrarası ballistik raketlərdən və kiçik olan taktiki nüvə silahlarına malikdir.
Rusiyanın nüvə qüvvələri haqqında kəşfiyyat məlumatlarına çıxışı olan ABŞ hökumət rəsmisi “Biz bunu daha yaxından izləyirik” deyib. Müşahidə havada, kosmosda və kiberməkanda aparılır.
ABŞ və müttəfiqləri rus bölmələrini yerdə təhlil etmək üçün kommersiya peyklərindən istifadə edirlər. Son bir həftə ərzində ABŞ-ın kəşfiyyat təyyarələri Rusiyanın ikili təyinatlı silah sistemləri və hipersəs raketlərinin yerləşdiyi Kalininqrad vilayəti üzərində dəfələrlə müşahidə edilib.
Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiya prezidenti Vladimir Putin, hökumət rəsmiləri və təbliğatçılar dəfələrlə Rusiyanın nüvə silahından istifadə edə biləcəyinə eyham vurublar. Sentyabrın 21-də Putin səfərbərliyin başlanması ilə bağlı müraciətində bildirib ki, Rusiya hakimiyyəti öz ərazilərini qorumaq üçün “ixtiyarımızda olan bütün vasitələrdən” istifadə etməyə hazırdır. Putin vurğulayıb ki, “bu, blef deyil”.