Rusiyada məktəbdə atışma zamanı 13 nəfər ölüb

İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 7-si uşaq olmaqla 13 nəfərə çatıb. 

Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, 14-ü uşaq olmaqla daha 21 nəfər yaralanıb, regionda matəm elan edilib.

12:20

Rusiyanın İjevsk şəhərindəki 88 saylı məktəbdə atışma nəticəsində bir mühafizəçi həlak olub, şagirdlər arasında ölən və yaralananlar var. Bu barədə Udmurtiyanın rəhbəri Aleksandr Breçalov məlumat verib.

Rayon rəhbərinin sözlərinə görə, hücum edən şəxs daha sonra intihar edib. Bu məlumatı Udmurtiya üzrə Daxili İşlər Nazirliyi təsdiqləyib. Həmçinin bildirilir ki, İjevsk məktəbində atışma zamanı ümumilikdə 6 nəfər ölüb, daha 20 nəfər yaralanıb.

12:00

Rusiyanın İjevsk şəhərində orta məktəblərin birində atışma olub.

Verilən məlumata görə, hadisə nəticəsində mühafizəçi və bir neçə uşaq yaralanıb. Bildirilir ki, dərs zamanı qara geyimli naməlum şəxs sinif otağına girərək atəş açıb. Məktəb direktoru yaralı yeniyetmələrlə kabinetdə gizlənməyə müvəffəq olub.

Polis və Milli Qvardiya hadisə yerindədir.

Məlumata görə, atəş açan şəxs hələ də saxlanılmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun axtarışlarını davam etdirirlər.

Qeyd edək ki, bu, Rusiyada bu gün yaşanan ilk atışma hadisəsi deyil. Bundan əvvəl məlum olmuşdu ki, Ust-İlimskdə bir nəfər çağırış məntəqəsində hərbi komissara atəş açıb və onu ağır yaralayıb, həmçinin Uryupinskdə 35 yaşlı şəxs hərbi komissarlığın qarşısına park etdiyi avtomobilini yandırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ