İranda etirazlar təhlükəli fazaya keçib: onlarla ölən var - foto / video

İranda bir həftədir ki, hicab “səhv” geyindiyinə görə polis tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra etirazlar davam edir. Bildirilir ki, qadın polis bölməsində döyüldükdən sonra xəstəxanada vəfat edib.

İlk etirazlar sentyabrın 16-da Əmininin öldüyü gün başlayıb. Həmin vaxtdan etirazlar onlarla şəhəri bürüyüb. Aksiya iştirakçıları küçələrdə barrikadalar qurur və “Diktatora ölüm” və “Qadın, həyat, azadlıq” şüarları səsləndirirlər. Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyaları xüsusi qəddarlıqla dağıdıblar - onlarla insan həlak olub, yüzlərlə insan yaralanıb.

İran İnsan Haqlarının (IHR) məlumatına görə, etirazlar zamanı yeniyetmələr, qocalar və bir 10 yaşlı qız da daxil olmaqla azı 31 nəfər ölüb. Ən çox insan sentyabrın 22-nə keçən gecə ölkənin şimalında yerləşən Amol şəhərində həyatını itirib. Təşkilatın mənbəsinin məlumatına görə, gecə baş verən toqquşmalar zamanı 11 nəfər təhlükəsizlik işçiləri tərəfindən öldürülüb, 60-a yaxın adam isə həbs edilib.

Başqa bir mənbənin IHR-yə verdiyi məlumata əsasən, həmin gecə etirazlarda iştirak etdiklərinə görə həbs edilmiş 200-ə yaxın qadın Tehrandan Qarçaq şəhər həbsxanasına aparılıb. Onun sözlərinə görə, qadınlar iki gün həbsdə saxlanılıblar və orada ağır döyülüblər.

Etirazlar başlayandan sonra İran hakimiyyəti internetə girişi məhdudlaşdırıb. Qeyri-kommersiya təşkilatı NetBlocks qeyd edir ki, ölkənin bəzi bölgələrində sentyabrın 19-da internet kəsilib. Daha sonra məhdudiyyətlər bütün ölkəni əhatə edib. Sentyabrın 21-də mobil şəbəkələrin tamamilə bağlanması qeydə alınıb. 

“Hakimiyyət insanlara qarşı törədilən vəhşiliklərə dair sübutların dünyaya yayılmasının qarşısını almaq üçün internetə girişi bağlayıb. Biz İran xalqının səsini gücləndirməyə davam etməliyik ki, Əmininin ölümü ilə bağlı ictimai qəzəb qırğına çevrilməsin”, - İran İnsan Haqları Mərkəzinin (CHRI) rəhbəri Hadi Ghemi deyib.

Hüquq-mühafizə orqanlarının tibb müəssisələri ilə əməkdaşlığı barədə məlumatı IranWire xəbər resursu təsdiqləyir. Nəşr iddia edir ki,  təcili yardım maşınları zərərçəkənləri polis bölmələrinə aparır.

İran prezidenti İbrahim Rəisi BMT Baş Assambleyasının sessiyasında mətbuat konfransı zamanı deyib ki, “İranda ifadə azadlığı var”, lakin xaos yaratmaq məqsədi daşıyan hərəkətlər qəbuledilməzdir. İran ədliyyə sisteminin rəhbəri Qulam Hüseyn Möhseni-Ejei “profilaktik həbslər”in keçirilməsini təsdiqləyib. İranlı jurnalistləri həbslə hədələyərək onlara aksiyaları işıqlandırmaq qadağan edilib.

“Son illərdə hökumət əleyhinə nümayişlərin yatırılması zamanı yüzlərlə mülki şəxsin öldürülməsindən sonra, kütləvi qan tökülməsi ehtimalı artıq realdır və dünya buna tədbir görməlidir”, - CHRI rəhbəri Hadi Ghemi bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ