İran prezidenti hicabsız aparıcıya müsahibə verməkdən imtina etdi - FOTO

İran prezidenti İbrahim Rəisi hicablı olmadığı üçün CNN telekanalının aparıcısına müsahibə verməkdən imtina edib. Bu barədə CNN-in tanınmış jurnalisti Kristian Amanpur Twitter-də yazıb.

“Keçən həftə Məhsa Əmininin polis tərəfindən tutularaq öldürülməsindən sonra İranda etirazlar, qadınların hicabları yandırması ilə genişlənməkdədir. Hüquq müdafiəçiləri ən azı 8 nəfərin öldüyünü bildirirlər. Dünən axşam prezident Rəisidən bu barədə soruşmağı planlaşdırdım. Bu, Raisinin Nyu Yorka səfəri zamanı ilk müsahibəsi olacaqdı. Bütün lazımi hazırlıqları gördük, amma İran prezidenti gəlmədi. Onun köməkçisi müsahibənin başlamasına 40 dəqiqə qalmış gəlib. Onun sözlərinə görə, hazırda müqəddəs Məhərrəm ayı olduğu üçün prezident mənə hicab taxmağı təklif edib. Mən nəzakətlə imtina etdim və dedim ki, biz Nyu-Yorkdayıq, orada hicabla bağlı heç bir qanun və qayda yoxdur”, - deyə Amanpur bildirib.

“Prezidentin köməkçisi dedi ki, hicab geyinməsəm, müsahibə olmayacaq. Beləliklə, müsahibə baş tutmadı. İranda etirazların davam etdiyi və insanların öldürüldüyü bir vaxtda prezident Rəisi ilə danışmaq vacib olardı”, - CNN aparıcısı bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ