Rusiyada etirazlarda saxlanılanlara çağırış vərəqələri verildi

Moskvada bir neçə polis idarəsində sentyabrın 21-də səfərbərliyə qarşı keçirilən mitinqdə saxlanılan şəxslərə hərbi komissarlığa çağırış vərəqələri təqdim edilib. Bu barədə OVD-İnfo insan haqları layihəsinə saxlanılan şəxslər məlumat veriblər.

Bildirilir ki, onlara çağırış vərəqələri Sokolinaya Qora, Lyublino, İzmailovo, Yujnoye Tuşino, Qaqarinskoye və Vernadski prospekti ərazilərindəki polis şöbəsində verilib. “Yabloko” partiyasının üzvü Kirill Qonçarov Mojaysk rayonunda polis şöbəsində etirazçılardan birinə təqdim edilmiş çağırış vərəqəsini dərc edib.

Saxlanılanlardan birinin həyat yoldaşı “Mediazona”ya bildirib ki, hərbi komissar çağırış vərəqəsini ərinə şəxsən verib.

“Onlar ona çağırış vərəqəsini necə təqdim etdiklərini lentə aldılar və dedilər ki, o, bunu qəbul etməyə bilməz, çünki Rusiya Federasiyasının vətəndaşıdır və sabah komissarlığa gəlmək məcburiyyətindədir”.

Eyni zamanda qeyd olunur ki, Marfino rayonundakı polis şöbəsinə mülki geyimli bir şəxs gələrək çağırış vərəqələrini təhvil verəcəyini bildirib. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, saxlanılanlardan ən azı biri çağırış vərəqəsini imzalamaqdan imtina etdiyinə görə cinayət işi ilə hədələnib.

Qeyd edək ki, sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin ölkədə səfərbərlik elan edib. Bundan sonra Rusiyada etiraz aksiyaları başlayıb. OVD-İnfo-nun məlumatına görə, sentyabrın 22-də səhər saatlarında Rusiyanın 38 şəhərində 1313-dən çox insan saxlanılıb. Saxlanılanların əksəriyyəti Sankt-Peterburq (478 nəfər) və Moskvada (536 nəfər) olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ