Misir ehramları kimi iddialı - İki göydələndən ibarət güzgü şəhəri - foto

2017-ci ilin payızında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman neftdən asılı olan krallığın iqtisadiyyatını şaxələndirmək üçün nəzərdə tutulan “Neom” adlı meqalayihəni elan edib. Layihə çərçivəsində ölkənin şimal-qərbində 26 min kvadrat kilometrdən çox ərazidə üç müstəqil obyektin tikintisi planlaşdırılıb. 

“The Wall Street Journal” yazır ki, vəliəhd şahzadə bu torpaqların işlənməsini tapşırarkən Misir piramidaları kimi iddialı bir tikinti tələb edib. Nəşr layihənin yeni təfərrüatlarını açıqlayıb.

2021-ci ildə şahzadə Məhəmməd bin Salman “Neom”un üç sütunundan birini, gələcəyin şəhəri olan “Güzgü Xətti”ni tikmək planlarını açıqlanıb. “The Wall Street Journal”ın jurnalistləri “dünyanın ən böyük strukturu”nun tikinti sənədləri ilə tanış olublar.

“Güzgü Xətti” hündürlüyü 500 metrdən bir qədər az olan, bir-biri ilə üzbəüz yerləşən və çoxsaylı keçidlərlə birləşən iki binadan ibarət olacaq. Şəhərin ümumi uzunluğu 120 kilometrə yaxın olacaq, sahilyanı, dağlıq və səhra ərazilərindən keçəcək.

Şəhərin karbon qazlarından neytral olması planlaşdırılır. Orada avtomobil olmayacaq, və elektrik enerjisinin bərpa olunan mənbələrdən alınması nəzərdə tutulub. Kompleksin içərisindən sürət qatarı keçəcək, şəhərin bir tərəfindən digər tərəfinə səyahət 20 dəqiqədən çox olmayacaq. Layihə müəllifləri şəhərdə 300 metr hündürlükdə stadion yerləşdirmək, sahildə isə yaxtalar üçün liman tikmək istəyirlər. Bundan əlavə, onlar sakinləri ərzaqla təmin etmək üçün şaquli fermaları binaların strukturuna daxil etmək niyyətindədirlər. Şəhər əhalisi, müxtəlif mənbələrə görə, beş milyondan doqquz milyon nəfərə qədər ola bilər.

“Şaquli çoxsəviyyəli [şəhər] icmalar ənənəvi, düz, üfüqi şəhərlərə meydan oxuyacaq. “Güzgü Xətti”nin dizaynı gələcəyin şəhər icmalarının necə olacağını təcəssüm etdirir: ekoloji təmiz, yollar, avtomobillər və tullantılardan azad”, - deyə Reuters vəliəhd şahzadənin sözlərindən sitat gətirir.

“Neom”un tikinti dəyəri 500 milyard dollar qiymətləndirilir. Məhəmməd bin Salman bildirib ki, layihənin birinci mərhələsini həyata keçirmək üçün 300 milyard dollar lazımdır. Məbləğin təxminən yarısı krallığın suveren sərvət fondu tərəfindən ödəniləcək, qalan hissəsi üçün isə Səudiyyə Ərəbistanının hakimiyyət orqanları özəl investorları cəlb etmək istəyir.

“Neom”un Krallığın birjasında ilkin kütləvi təklifi 2024-cü ilə planlaşdırılıb. Gözlənilir ki, bu ən azı bir trilyon riyal sərmayə (təxminən 250 milyard dollar) gətirəcək, və 2030-cu ilə qədər vəliəhd şahzadə daha beş trilyon sərmayə yığmaq niyyətindədir. Həmin ildə “Güzgü Xətti”nin layihələndirilməsi başa çatdırılmalıdır. Onun tikinti müddəti 50 il ola bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ