ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ohayoda tərəfdarlarının mitinqində Qərbin Rusiyaya qarşı sanksiyalarının Almaniya xalqı üçün nəticələrindən danışıb. O, almanlara xəbərdarlıq edib ki, Rusiya qazının tədarükünün azalması səbəbindən onlar nəticədə ölkəni itirmək riski ilə üzləşirlər.
Tramp bunun baş verə biləcəyini Almaniyaya çoxdan söylədiyini vurğulayıb. O, həmçinin iddia edib ki, vaxtıilə Almaniya Federativ Respublikasının kansleri olan Angela Merkelə ağ bayraq göndərib ki, o, Rusiyaya “təslim olmaq” üçün istifadə etsin.
“Mən ona bayraq göndərdim. “Donald, Donald, niyə o bayrağı mənə göndərdin?”, - deyə Merkel soruşdu. Dedim ki... enerjinizin 72 faizini Rusiyadan alırsınızsa, sizin üçün ağ bayraq var, çünki gec-tez təslim olacaqsınız. Kim düşünürdü ki, bu qədər tez baş verəcək”, - deyə ABŞ-ın sabiq prezidenti bildirib.
Trampın sözlərinə görə, həmin zaman almanlar onu ciddiyə almayıb, məsxərəyə qoyublar, indi isə daha əylənmirlər. O qeyd edib ki, Almaniya məsələn, kömür kimi “köhnə işlərə” qayıtmağa məcburdur, çünki başqa yolu yoxdur.
“Onların ölkəsi olmayacaq, dövlətsiz qalacaqlar”, - deyə Tramp bəyan edib.