Rusiya prezidenti Vladimir Putin ölkə hökumətinə və Federal Təhlükəsizlik Xidmətinə göstəriş verib ki, kölgə pul və mal dövriyyəsinin tənzimlənməsi üzrə tədbirlər planı hazırlansın.
Buta.media-nın məlumatına görə, bu barədə Virtualaz.org xəbər verir. İlk növbədə, bu, “Sadovod”, “Food City” bazarlarına və “Moskva” ticarət-sərgi kompleksinə aiddir. Onların sahibləri azərbaycanlı iş adamları, milyarderlər Qod Nisanov və Zarax İliyevdir.
Vladimir Putin bu göstərişi Mərkəzi Bankın başçısı Elvira Nabiullinadan məktub aldıqdan sonra verib. Həmin məktubda “boz” idxalatın maliyyələşdirilməsinin və Rusiyanın ən iri bazarları vasitəsilə vəsaitlərin sərhəddən çıxarılmasının təfərrüatları əksini tapıb. “Boz” idxalatın ödənişində və leqallaşmasında iştirak edə biləcək bazarların dövriyyəsi aylıq ən azı 10 milyard rubl təşkil edir.
Mənbənin verdiyi məlumata əsasən, Nabiullina məktubunda vergidən yayınmaq məqsədilə tətbiq edilən qanunsuz sxemlər barədə bildirib və qeyd edib ki, həmin sxemlər aşağıdakı ticarət nöqtələrində həyata keçirilib: Moskvada “Sadovod”, “Moskva” və “Food City” bazarları, Sankt-Peterburqda “Sofiya tərəvəz bazası”, Yekaterinburqda “Taqanski ryad” və “Novomoskovski”, Novosibirskdə “Nord City Mall” və “Drujba”, Ufada “Yujnı”, Omskda “Torqovı qorod” və Dağıstanda “Xasavyurt bazarı”.
Nabiullina göstərib ki, pulların çıxarılması bazarların, Çin və Vyetnamdan idxalatın gətirildiyi Qırğızıstan və Qazaxıstandakı ticarət anbarlarının yaxınlığında yerləşən banklar vasitəsilə həyata keçirilib. Mərkəzi Bankın rəyinə görə, məhz bu, ölkələr arasında mal dövriyyəsi üzrə gömrük statistikasındakı uyğunsuzluğu izah edir.
O da qeyd olunur ki, adıçəkilən ticarət nöqtələrində əməkdaşlar nəzarət-kassa texnikasından istifadə etmir, halbuki, həmin texnika orada mövcuddur və vergi orqanlarında qeydiyyatdan keçib.
Yanvarın ortalarında Mərkəzi Bank banklar üçün xaricə pul çıxarılması ilə bağlı şübhəli əməliyyatların aşkarlanması üçün metodiki tövsiyələr hazırlamışdı. Əlamətlərdən biri – nəzarət-kassa aparatlarından istifadə edilməyən ticarət nöqtələrinin yaxınlığında yerləşən banklar vasitəsilə köçürmələrdir.
Qeyd edək ki, Qod Nisanov və Zarax İliyev “Kiyevskaya ploşad” developer şirkətinin sahibidirlər və bu şirkətə “Sadovod”, “Food City” bazarları, “Moskva” yarmarkası, “Yujnıye vorota”, “Yevropeyski” TM, “Ukrayna” mehmanxanası daxildir. Hər iki iş adamı “Çerkizovo” bazarının sahibi olublar. Qod Nisanov “Moskva-City” beynəlxalq iş mərkəzinin bir hissəsinə malikdir.