Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, hazırda RF lideri Vladimir Putinlə danışıqlara hazır deyil. Bu barədə o CNN jurnalistinin müvafiq sualını cavablandırarkən deyib.
“Bu gün yox. Mən Rusiya tərəfində konstruktiv olmaq istəyi görmürəm. Ultimatumlara gəlincə: kimin ultimatum irəli sürməsi məni maraqlandırmır – o, yoxsa başqası [Putin prezidentlikdən getsə]. Bu, mənim prinsipimdir: ultimatum irəli sürənlərlə danışmıram”, - deyə Ukrayna prezidenti bildirib.
Zelenski qeyd edib ki, Rusiya ilə razılıq RF tərəfindən işğal olunmuş Ukrayna əraziləri azad edildikdən sonra bağlana bilər.
“Hər halda, Rusiyanın bizimlə sərhədi var, hər halda, o, çoxlu əhalisi olan qonşumuzdur, ona görə də ölkəmiz işğaldan azad edildikdən sonra biz onlarla qonşu kimi yaşamağa məcbur olacağıq”.
Zelenskinin CNN-ə müsahibəsi Ukrayna hərbçilərinin Xarkov vilayətindəki uğurları fonunda yayımlanıb. Sentyabrda bir neçə gün ərzində onlar Rusiya hərbçilərinin aylarla saxladığı və Donetsk vilayətində hücum üçün istifadə etdiyi ərazinin əhəmiyyətli hissəsini azad etməyə nail olublar. Rusiya Federasiyasının Müdafiə Nazirliyi geri çəkilməyi “qoşunların ixtisarı və köçürülməsi əməliyyatı” adlandırıb.