Rusiyalı aktyor Mixail Yefremovu məhkəmədə müdafiə edən əslən azərbaycanlı Elman Paşayev yenidən vəkil statusunu alıb. Bu barədə vəkil Rusiyanın “Sekret Firmı” nəşrinə məlumat verib.
N.Paşayevin sözlərinə görə, o, iyulun sonunda imtahanın test hissəsini, avqustun sonunda isə şifahi hissəsini verib. Ədliyyə Nazirliyi ona sentyabrın 9-da vəkillik vəsiqəsini təqdim edib. Paşayev qeyd edib ki, 2020-ci ildə statusundan məhrum edilməsinə baxmayaraq “gecə-gündüz” işləyib.
O qeyd edib ki, test zamanı 70 suala cavab verməli olub və imtahanı 12 dəqiqəyə başa vurub.
Xatırladaq ki, Elman Paşayevin adı 2020-ci ilin iyununda qəzaya səbəb olan aktyor Mixail Yefremovun səs-küylü işindən sonra geniş yayılıb. Vəkil Yefremovun avtomobil sürmədiyini sübut etməyə çalışaraq təqsirinin inkarı strategiyasını seçib. Nəticədə, Yefremov səkkiz il müddətinə azadlıqdan məhrum ediləndən sonra aktyor Paşayevin xidmətindən imtina edərək, başqa vəkil tutub. Paşayevin özü isə bir il müddətinə vəkillik statusundan məhrum edilib: kollegiya hesab edib ki, o, media ilə aktiv ünsiyyət prosesində dəfələrlə peşə etikasını pozub.