Ukraynada Rusiya tərəfindən döyüşən özbəklər əsir düşdü - video

Avqustun sonunda Ukrayna ordusu Xarkov və Xerson istiqamətində əks-hücuma keçib. Əvvəlcə Ukrayna Silahlı Qüvvələri cənub istiqamətində əməliyyata başlayıb, bir neçə gün sonra isə Xarkov istiqamətində rusiyalıların müdafiəsini yarıblar.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının hesabatına əsasən, son günlər ukraynalılar min kvadrat kilometrdən çox ölkə ərazisini azad ediblər. Hesabatda həmçinin qeyd olunur ki, Ukrayna bölmələri 50 km dərinlikdə Rusiya ordusunun arxasına keçiblər. 30-dan çox yaşayış məntəqəsi azad edilib və ya nəzarətə götürülüb.

Ukraynalıların əks-hücumları zamanı saxlanılan rusiyalıların arasında özəl hərbi şirkətlərlə müqavilə bağlayıb müharibəyə yollanan mülki vətəndaşlar da var. “Butusov Plus” Telegram kanalı 25-ci Hava Desant Briqadasının bir qrup ukraynalı hərbçisinin Balakleya yaxınlığında Rusiya qoşunlarının arxasına keçərək hərbi karvanı pusquya salıb ekipajlarla birlikdə bir neçə Rusiya texnikasını ələ keçirməsi barədə məlumat yayıb. Ukraynalılar tərəfindən əsir götürülənlər arasında Özbəkistan vətəndaşları da var.

Onlardan birinin dediyinə görə, o, Səmərqənddəndir, beş il Moskvada tikintidə sənədsiz işləyib. Göz yaşı tökərək sualları cavablandıran şəxsin sözlərindən onu Ukraynaya kimin göndərdiyi bəlli deyil. Saxlanılan şəxs avtomobildə ondan başqa beş nəfərin olduğunu bildirib. Həmin şəxs Ukraynaya yenicə gəldiyini iddia edir.

Saxlanılan ikinci Özbəkistan vətəndaşı Əhmədov Muxriddin dindirilmə zamanı Səmərqənddən olduğunu və özəl hərbi şirkətlə müqavilə imzaladığını deyib. Onun sözlərinə görə, onları Ukraynaya “KamAZ”la gətiriblər. Saxlanılan şəxs tələbə olduğunu və pula ehtiyacı olduğunu üçün Ukraynada döyüşlərə qatıldığını bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ