Dünya müharibəsi olacaqsa, “Twitter” almağın mənası yoxdur - İlon Mask

“SpaceX” və “Tesla” şirkətlərinin təsisçisi İlon Mask Rusiyanın Ukraynanı işğal etməsi səbəbindən yeni dünya müharibəsinin başlaya biləcəyi ehtimalından irəli gələrək mayda “Twitter” sosial şəbəkəsinin satın alınması ilə bağlı sövdələşmənin təxirə salınmasını təklif edib.

Bu, Maskın “Twitter”i almaqdan imtinası ilə bağlı keçirilən ilkin dinləmələr zamanı məlum olub.

Sentyabrın 6-da Delaver ştatının məhkəməsində İlon Maskın sövdələşmə ilə məşğul olan “Morgan Stanley” bankiri ilə yazışmaları açıqlanıb. “The Wall Street Journal” xəbər verir ki, bunu “Twitter”in maraqlarını təmsil edən vəkil Uilyam Savitt edib.

8 may 2022-ci il tarixli mətn mesajında Mask Rusiya prezidenti Vladimir Putinin Qələbə Günü şərəfinə Qırmızı Meydandakı çıxışını dinləmək üçün müqaviləni “bir neçə gün” təxirə salmağı təklif edib. Maskın mesajının mətnini “Business Insider” sitat gətirir:

“Bir neçə gün gözləyək. Putinin sabahkı çıxışı həqiqətən vacibdir. Üçüncü dünya müharibəsinə doğru gediriksə, “Twitter”i satın almağın mənası yoxdur”.

Vladimir Putin mayın 9-da çıxışı zamanı bəyan edib ki, Rusiya “NATO bloknun RF-ə yaxın ərazilərdə aktiv hərbi fəaliyyətə başladıqdan” sonra Ukraynada “xüsusi əməliyyata” start verib. Putinin sözlərinə görə, “Rusiya təcavüzə qabaqlayıcı tədbirlər cavab verib”.

Maskın vəkili Aleks Spiro bildirib ki, hər hansı bir iş adamı potensial müharibənin fond bazarına təsirindən narahat olur. Vəkil əlavə edib ki, Maskın sözləri kontekstdən çıxarılıb.

2022-ci ilin aprelində İlon Mask “Twitter”i 44 milyard dollara almağı təklif edib. İyulun əvvəlində iş adamı reklam auditoriyasını başa düşmək üçün vacib olan sosial şəbəkədəki botların sayını hesablamaq üçün məlumat vermədiyinə görə alışdan imtina etdiyini açıqlayıb. “Twitter” məhkəmədə Maskdan satınalmanı tamamlamağa məcbur etməyi tələb edir. Mask etiraz edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ