Ankara Kiyevə minalardan müdafiə ilə gücləndirilmiş 50 “Kirpi” zirehli texnikası çatdırıb. Bu barədə “Defence News” Türkiyə hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
“Razılaşma çərçivəsində Türkiyə Müdafiə Nazirliyi Ukraynaya 50 ədəd “Kirpi”nin ilk partiyasını tədarük edib. Əlavə çatdırılmalar olacaq”, - deyə anonimlik şərti ilə mənbə bildirib.
“Kirpi” istehsal edən Türkiyənin “BMC” şirkəti tədarük faktını təsdiqləyib. Eyni zamanda, adı açıqlanmayan şirkət nümayəndəsi “BMC”nin bu sövdələşmədə iştirak etmədiyini və Türkiyə hakimiyyətinin öz arsenalından Ukraynaya zirehli maşınlar göndərdiyini vurğulayıb.
“Defence News” xatırladır ki, bundan əvvəl Türkiyə “BMC” ilə 614 ədəd “Kirpi 1” və 529 ədəd “Kirpi 2” almaq üçün müqavilələr bağlamışdı.
“Kirpi” zirehli transportyoru GPS sistemi, arxa görüntü kamerası və avtomatik yanğınsöndürmə sistemi ilə təchiz edilib. Avtomobildə atıcı silahlardan atəş açmaq üçün beş yer var, transportyoru 7,62 və ya 12,7 mm-lik pulemyotlarla təchiz etmək mümkündür.