Gürcüstanda rusiyalılar üçün viza rejiminin tətbiq olunmasını tələb edirlər

Gürcüstanın 20-dən çox nüfuzlu qeyri-kommersiya təşkilatı hakim “Gürcü Arzusu Partiyası”ndan və İrakli Qaribaşvili hökumətindən Rusiya vətəndaşları üçün dərhal viza rejimi tətbiq etməyi tələb edib. Bu barədə çərşənbə günü, avqustun 17-də, “Kommersant” xəbər verir.

Qeyd olunur ki, Gürcüstan QHT rəhbərləri xüsusilə Milli Turizm Administrasiyasının rusiyalıların axınından xəbər verən son statistik məlumatlarından narahatdırlar.

Belə ki, QHT nümayəndələrinin rəsmi məktubunda 2022-ci ilin yanvarından iyul ayına kimi rusiyalıların Gürcüstana axınının xeyli artdığı bildirilir. Sənədin müəllifləri məlumat veriblər ki, Rusiyanın Ukraynada başladığı müharibədən sonra Gürcüstanda 6,4 minə yaxın RF şirkəti qeydiyyatdan keçib. Bu, bütün 2021-ci il üçün göstəricidən yeddi dəfə çoxdur.

QHT nümayəndələri bu problemlərin həllinin “ölkənin milli təhlükəsizlik məsələsi” olduğunu vurğulayırlar. Sənədin müəlliflərinin fikrincə, Rusiya Federasiyası Gürcüstanda çoxlu sayda vətəndaşının olmasından onları qorumaq adı ilə ölkə ərazisinin qalan hissəsinin işğalı üçün istifadə edə bilər.

Bundan əvvəl Gürcüstanın 13 min sakini Rusiya və Belarusla viza rejiminin tətbiqi tələbi ilə hökumət və parlamentə ünvanlanmış petisiya imzalayıb. Təşəbbüsün məqsədi Rusiya vətəndaşlarının ölkədə qalma müddətini üç aya qədər məhdudlaşdırmaqdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ