Türkiyə kəşfiyyatı sərhəddə yerləşən Qamışlı bölgəsində silahlı birləşməyə rəhbərlik edən terrorçu “Kürdüstan Fəhlə Partiyası”nın (PKK) liderlərindən birini zərərsizləşdirib. Bu barədə “Anadolu” agentliyi təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
Dijvar Silopi ləqəbi ilə tanınan Muhsin Yağan Türkiyə xüsusi xidmət orqanları tərəfindən məhv edilən PKK-nın altıncı nümayəndəsi olub. Qeyd olunur ki, o, Türkiyə sərhədində bir sıra terror aktlarının planlaşdırılması və hazırlanmasında iştirak edib.
İyunun 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında yeni antiterror əməliyyatının başladığını elan edib.
“Suriyada Türkiyə ilə sərhəddən 30 kilometr içəridə “təhlükəsizlik zonası”nın formalaşmasının yeni mərhələsi başlayır. Təll-Rifat və Mənbici terrorçulardan təmizləyirik”, - deyə o bildirib.
Türkiyə prezidenti vurğulayıb ki, ölkənin silahlı qüvvələri terror təşkilatlarının tam məhvinə nail olana qədər Suriyanın şimalında hərbi əməliyyatlar keçirəcək.