İt belə yaşamaz: Milyonlarla əfqanı necə heroin əsarətinə saldılar - foto

2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra “Taliban” hərəkatı ölkədə narkotik istehsalının dayandırılmasını vəd edib. Lakin məsələ narkomanlar üçün düşərgələrin təşkilindən o yana keçməyib. Narkotik biznesi əhalisi kütləvi şəkildə narkomaniyadan əziyyət çəkən Əfqanıstan üçün ən aktual problem olaraq qalır. Hətta fiziki asılılıqdan qurtulanlar belə narkotiklərə bağlı qalırlar: Əfqanıstan iqtisadiyyatı demək olar ki, tamamilə opium istehsalından asılıdır. Bu dövlətin siyasi təcriddə qalmasının və beynəlxalq təşkilatların köməyindən istifadə edə bilməməsinin əsas səbəblərindən biridir. “Taliban” liderləri sadə əfqanların həyatından qat-qat vacib olan narkotik gəlirindən ayrılmağı düşünmürlər. 

Əfqanıstanın heroin gündəliyi barədə “Lenta.ru” məqalə hazırlayıb.

Böyük ümidlər

 

Kabildə narkotik aludəçilərinin yığışdığı yer. Burada hətta itlər narkotik asılılığında əziyyət çəkirlər

Foto: Ebrahim Noroozi / AP

“Daha istehsal və qaçaqmalçılıq olmayacaq. Əfqanıstan bundan sonra ümumiyyətlə tiryək becərən ölkə olmayacaq”, - deyə “Taliban”ın nümayəndəsi Zabiullah Mücahid ötən ilin avqustun 18-də bəyan edərək bildirib ki, “Taliban”ın bunun üçün xarici yardıma ehtiyacı olacaq. Beynəlxalq ictimaiyyət “Taliban”ın narkotik vasitələrin istehsalının qadağan edilməsi məsələsinə, eləcə də qadın hüquqlarının və söz azadlığının qorunması ilə bağlı populist bəyanatlarına inanmayıb. Əvvəlki illərdə taliblər təkcə narkotik biznesini qorumaqla kifayətlənmirdi - onlar bu sahəyə nəzarət edərək vergiyə cəlb edirdilər, və heroin qazancı onların 2021-ci ildəki hərbi uğurlarında rol oynadı.

Taliblər tədricən öz gəlir mənbələrini tədricən şaxələndirdilər və hazırda təkcə narkotik vasitələrin satışından deyil, həm də faydalı qazıntıların çıxarılmasından, vergilərin yığılmasından, həmçinin “öz” ərazisindən tranzit malların daşınmasından da qazana bilirlər. BMT-nin 2020-ci il üçün məlumatına görə, “Taliban”ın gəliri 300 milyon dollardan 1,5 milyard dollara qədər qiymətləndirilə bilər. Müqayisə üçün: 2019-cu ildə Əfqanıstanın bütün ÜDM-i 18,9 milyard dollar, büdcə gəlirləri 5,5 milyard dollar olub.

Haşhaş iqtisadiyyatı

 

Narkotik aludəçiləri Kabildə körpü altında

Foto: Ebrahim Noroozi / AP

Bir il əvvələ qədər narkotik vasitələrin qanunsuz dövriyyəsinin kökünün kəsilməsi ilə bağlı verilən vədlərin nə dərəcədə reallaşa biləcəyi bəlli deyildi: BMT-nin 2018-ci ildəki məlumatına əsasən, narkotik ticarəti ölkənin ÜDM-nin 11 faizini təşkil edirdi. “Taliban” 2000-ci ildə narkotiklərin rəsmən qadağan etsə də, opioid istehsalçılarının istehsalı dayandırmaq niyyəti yox idi. Rəqəmlər də buna işarə edir: 2015-ci ildən 2020-ci ilə qədər dünyada bütün heroinin 83 faizi Əfqanıstanda istehsal olunub.

Ölkə narkotik istehsalı ilə uzun və çətin tarixə malikdir. 2000-2001-ci illərdə yaraqlılar ilk dəfə tiryək istehsalını azaltmağa çalışdılar və xaşxaşların becərilməsi və ixracına qadağa qoydular, əkin sahələrini kəskin şəkildə - on dəfədən çox (82 min hektara qədər) azaldıldı. Bununla belə, ABŞ Narkotiklərlə Mübarizə Agentliyinin (DEA) ekspertləri hesab edirlər ki, hətta həmin vaxt “Taliban” üzvləri narkotik istehsalından əl çəkmək niyyətində deyildilər. Ekspertlər bunun 2001-ci il sentyabrın 11-də ABŞ-a hücumdan sonrakı ilk aylarda baş verdiyini xatırladıblar. Amerikanın hücumuna hazırlaşmaq və “təhlükəsizlik yastığı” qurmaq üçün silahlılar narkotiklərin qiymətini qaldırmaq qərarına gəliblər. Məhsul azaldıqca qiymət həqiqətən də rekord həddə çatdı: regionda təxminən 95 dollara satılan tiryəkin kiloqramı 746 dollar oldu.

Yeni hökumət - köhnə biznes

 

Heroin aludəçisi

Foto: Ebrahim Noroozi / AP

Süni qiymət artımı “Taliban”ı məğlubiyyətdən xilas edə və ABŞ-ın işğalını dayandıra bilmədi. Bununla belə, amerikalılar da illər ərzində qurulmuş narkotik istehsalını məhv etmədilər: hətta Əfqanıstanda hakimiyyət dəyişikliyindən sonra xaşxaş bitkilərinin əkini qısa zamanda əvvəlki vəziyətinə qayıtdı. 2002-ci ilə qədər xaşxaş sahələri 74 min hektar ərazini əhatə edirdi, 2004-cü ildə isə bu sahələr amerikalıların gəlişindən əvvəlki miqyasını da keçdi.

ABŞ hakimiyyətinin dəstəklədiyi əvvəlki Əfqanıstan hökuməti xaşxaşın məhvinə ümumilikdə 8,6 milyard dollar xərcləyib. Buna baxmayaraq, yüksək vəzifəli əfqan məmurları tiryək ticarəti ilə məşğul olurdular və bundan çəkinmirdilər: onlar Kabilin mərkəzində saraylar tikdirir, Dubay və Birləşmiş Ərəb Əmirliklərində villalar alırdılar. Bundan əlavə, Əfqanıstanda keçmiş hakimiyyətlərin dövründə digər narkotiklərin istehsalı da qurulub: ölkə həşiş tədarükçüsü oluv, və metamfetamin istehsalında istifadə olunan efedra bitkisinin becərilməsinə başlayıb.

Allahsız əməl

 

Taliblərin reydi zamanı saxlanılanlar

2021-ci ildə yenidən hakimiyyəti ələ keçirən “Taliban” tiryək istehsalını təkcə qanunsuz deyil, həm də Allahsız adlandıraraq məsələyə fərqli yanaşmağa çalışıb. 2022-ci ilin aprelində taliblər xaşxaş becərilməsini İslam əleyhinə fəaliyyət kimi qiymətləndirərək bu işlə məşğul olmağı rəsmən qadağan ediblər.

Bununla belə, hətta indidə heroin istehsalı Əfqanıstan hakimiyyəti üçün ən böyük gəlir mənbəyi kimi qalır. 2021-ci ildə Əfqanıstanda qeyri-qanuni opiat ticarətinin həcmi təxminən 1,8-2,7 milyard dollar məbləğində qiymətləndirilir. Opiatların ölkənin ÜDM-də ümumi payı 9-14 faiz arasındadır və mal və xidmətlərin rəsmi qeydə alınmış qanuni ixracının dəyərini üstələyir (bəzi hesablamalara görə, 2020-ci ildə ÜDM-in 9 faizini təşkil edirdi).

2021-ci ilə qədər Əfqanıstanda xaşxaş əkin sahəsi 177 min hektar təşkil edib. Ümumilikdə, 2021-ci ildə ölkədə təxminən 6,8 min ton tiryək istehsal olunub ki, bu da 2020-ci illə müqayisədə 8 faiz çoxdur. Bu miqdarda narkotik maddəni 270-320 ton təmiz heroinə çevirmək olar.

“Başqa mədəniyyətlər sadəcə gəlir gətirmir”

 

Narkotik asılılığından əziyyət çəkənlər üçün düşərgədə yeməkxana

Foto: Ebrahim Noroozi / AP

Geniş miqyaslı repressiyalar kömək etmədi - əksinə, işi daha da gərginləşdirdi: onlarla şirkət və yüz minlərlə insan “Taliban” tərəfindən ələ keçirilən Əfqanıstanı tərk etdikdən sonra ölkə növbəti dəfə iqtisadi problemlərlə üzləşdi. Xaşxaş sahələrinin məhv edilməsi vəziyyəti daha da çətinləşdirdi, bu da öz növbəsində “Taliban” hərəkatının əsas tərəfdarları - puştun fermerlərinin narazılığına səbəb oldu. Üstəlik, ağır iqtisadi vəziyyət hətta narkotik alveri haqqında düşünməyənləri də yanlış yola sövq etdi. Tiryək istehsalı, məsələn, buğdadan daha asan və daha sürətli olduğundan, Əfqanıstanın cənub-şərq əyalətlərində bir çox insan qanunsuz məhsul yetişdirməyə başlayıb. 

“Taliban” hakimiyyətə gəldikdən bir neçə ay sonra da vəziyyət dəyişməyib. Bu ilin aprelində əfqan fermerlərdən biri “Reuters” agentliyinə bildirib ki, xaşxaş əkilməsi qadağası ilə bağlı şayiələr fonunda narkotikin qiyməti iki dəfədən çox artıb. Fermer etiraf edib ki, yalnız tiryək istehsalı ona ailəsini dolandırmağa kömək edir: “Başqa məhsullar gəlir gətirmir”.

“BBC News” ilə söhbətində fermer Məhəmməd Qani izah edib ki, hazırda tiryək satıcıları hətta məmurlara rüşvət vermək və malı gizli şəkildə satmaq məcburiyyətində deyillər. İndi fermerlər bazarda açıq şəkildə ticarət edirlər. “Taliban” ölkəni azad etdikdən sonra biz tamamilə azad olduq”, - nəşrin başqa bir mənbəsi gülərək deyir.

Yaşıl narkotik

 

Narkotik asılılığından əziyyət çəkənlər üçün düşərgədə

Foto: Ebrahim Noroozi / AP

Əfqanıstanda narkotiklə mübarizə cəhdləri həm də ona görə uğursuzluqla nəticələnir ki, burada tiryəyi hətta ən yoxsul fermerlər yetişdirə bilirlər. “Taliban” bəyanatlarına baxmayaraq, narkotik istehsalçıları qadağaları yan keçməyi çox asanlıqla bacarırlar. Problemin kökünü kəsmək əvvəlkindən də çətinləşib, belə ki indi fermerlər ekoloji təmiz enerjidən istifadə etməyi öyrəniblər.

Xaşxaş tarlalarında su nasoslarını gücləndirmək üçün yalnız bir neçə çox ucuz, lakin çox səmərəli günəş panelləri lazımdır. Belə panellər hər il daha çox narkotik məhsulu əldə etməyə kömək edir – Əfqanıstanın cənubundakı xaşxaş fermerləri belə panelləri artıq 2014-cü ildən quraşdırırlar. Günəş enerjisi indi Əfqanıstanın cənubunda həyatın müəyyənedici faktorudur. Kiçik günəş panelləri çəmən daxmalarda lampaları enerji ilə təmin edir və nasoslar təkcə buğda və nar tarlaları deyil, qeyri-qanuni torpaqları da suvarırlar.

Ümumiyyətlə, istər ekspertlər, istərsə də jurnalistlərin müsahibə verdiyi əfqanlar etiraf edirlər ki, Əfqanıstanda narkotik istehsalı ilə məşğul olmaq xeyli asanlaşıb. Əfqanıstan Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Polisinin keçmiş kəşfiyyat rəisi, polkovnik Nezamuddin Bahavi “Nezavisimaya qazeta” ilə söhbətində deyib ki, bütün qadağalar şou üçündür, “Taliban” tiryəkin becərilməsinin onların qarşısını almır, əksinə buna göz yumur. 

Belə ki, əvvəllər narkotiklərin böyük partiyaları məxfi marşrutlar, keçmiş keçid məntəqələri və dağlardakı çətin yerlər vasitəsilə daşınırdısa, indi bütün Əfqanıstan ərazisindən tamamilə sərbəst şəkildə keçir. ““Taliban” qubernatoru icazə qətnaməsi tətbiq edir və bu qədər - yol pulsuzdur, sadəcə kiçik bir ödəniş etməlisiniz. Tutaq ki, hansısa narkotik alverçisi Bədəxşandan Cəlalabada bir neçə ton narkotik keçirmək istəyir. O, “Taliban” məmuruna malının hər kiloqramı üçün müəyyən məbləğ ödəməlidir, bundan sonra ona tranzit icazəsi verilir, və heç kim ona toxunmur”, - deyə Bəhavi bildirib.

Asılılıq ölkəsi

 

Narkotik asılılığından əziyyət çəkənlər üçün düşərgədə. Pasiyentlər burada heç bir terapiya keçmədən 45 gün saxlanırlar

Foto: Ebrahim Noroozi / AP

Buna baxmayaraq, ölkənin xaşxaş iqtisadiyyatı istənilən yolla yenidən formatlaşdırılmalı və azaldılmalıdır - və təkcə beynəlxalq birliyin “Taliban”ı Əfqanıstanın legitim hökuməti kimi tanıması üçün deyil. Narkotikdən yerli hakimiyyətdən daha çox ölkə əhalisi əziyyət çəkir.

Uzun müddət Əfqanıstanda ən kəskin problemlərdən biri narkomaniya idi: davam edən yoxsulluq və müntəzəm münaqişələr səbəbindən narkomanların sıraları sürətlə artırdı. 2005-ci ildə ölkədə 200 minə yaxın tiryək və heroin aludəçisi var idisə, 2009-cu ildə onların sayı bir milyona, 2015-ci ildə isə 2,3 milyona çatıb - ölkə əhalisinin təxminən beş faizi.

“İndi narkotiklər Əfqanıstanda istehsal olunduğundan, onların qiyməti ucuzlaşıb. Əvvəllər narkotiki İrandan gətirirdilər. Metanın bir qramı 1500 əfqani (15 dollar) təşkil edirdi, indi isə 30-40 əfqanidir”, - Kabil yolunun yaxınlığındakı xəndəkdə vaxt keçirən narkomanlardan biri “BBC News”a bildirib. Onun taleyini kanalizasiyada gecələyən yüzlərlə eyni kişi və qadın bölüşür.

Radikal “müalicə”

 

Narkotik asılılığından əziyyət çəkənlər üçün düşərgədə pasiyentlər

Foto: Ebrahim Noroozi / AP

Problemdən qurtulmaq üçün “Taliban” xaşxaş bitkilərinin kökünü kəsmək üçün kampaniyaya və narkomanları düşərgələrə göndərməyə başladı. Yaraqlılar əvvəllər narkomanların toplaşdığı ərazilərə basqın edərək onları yük maşınlarına və minik avtomobillərinə yığıraq Kabil yaxınlığındakı klinikaların birində ay yarım həyatdan təcrid edirlər. “Taliban” narkotik aludəçilərini 2016-cı ildə klinikaya çevrilmiş keçmiş ABŞ hərbi bazası olan Kabil yaxınlığındakı məşhur Avisenna Narkoloji Xəstəxanasına kütləvi şəkildə daşımağa davam edir. Bu, narkomanların müalicəsi üçün ən böyük düşərgədir.

Bu klinikada son bir ildə rejim dəyişməyib: narkomanlar hələ də yük maşınları ilə gətirilir, saçları qırxılır və 45 gün kazarmada saxlanılır. Dərman terapiyası əvəzinə “Taliban” adi abstinensiya (lat. abstinentia — çəkinmə, nəfsini saxlama — könüllü və iradi olaraq hər hansı bir şeydən imtina etmə, nəfsini saxlama. təyin edir), buna görə xəstəxanaya gətirilən hər bir ziyarətçi xeyli əziyyət çəkir - bəzən “müalicə” xəstənin ölümü ilə başa çatır. Başqa variant yoxdur: “Taliban” tərəfindən hakimiyyəti ələ keçirdikdən sonra klinikaya beynəlxalq maliyyə ayrılması dayanıb.

“Bu heç vaxt bitmir”

 

Kabildə narkotik asılılığında əziyyət çəkən insan

Foto: Ebrahim Noroozi / AP

Təəccüblü deyil ki, düşərgədən sonra “sağlananların” əksəriyyəti narkotik maddələrdən istifadə etməyə davam edir. Adekvat terapiya və minimal sosial reabilitasiya olmadıqda, heroin asılılığı dərhal qayıdır. Kabil səngərində gecələməli olanlardan biri jurnalistlərə “İt belə yaşamaz” deyə şikayətlənir.

Narkomanların ailə üzvləri də qohumlarını axtarmaq üçün magistral yollara, körpülərin altına çıxırlar. Kimsə qaranlıqda yalnız bir fənərlə silahlanmış və yüzlərlə kasıb adamın arasından tanış sifəti tapmağa çalışır. Belə şəxslərdən biri narkotikə görə illər əvvəl evdən çıxan qardaşını tapa bilmədiyini deyib. “Ümid edirəm ki, bir gün onu tapacam”, - deyə o Associated Press-ə bildirib.

Nazer Kabil körpülərindən birinin altında yaşayır, 30 yaşı var. O yoldaşları arasında mübahisələri etməklə “özünə hörmət qazanıb”. Nazerin başqalarından fərqli olaraq qayıtmağa yeri var: vaxtının çoxunu körpünün altında keçirsə də, bəzən yenə də evinə gedir. Ancaq çox da fərq yoxdur - asılılıq artıq onun bütün ailəsinə yayılıb. Nazer “Taliban”ın hər basqından sonra körpünün altındakı yerlərin qısa müddətdə dolmasına təəccüblənmir. “Bu normaldır. Onların sayı hər gün çoxalır. Bu heç vaxt bitmir”, - deyə o gülümsəyərək bildirir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ