Salman Rüşdi gözünü itirəcək: Yazıçının hücumdan sonra vəziyyəti necədir?

Məşhur britaniyalı yazıçı Salman Rüşdi Nyu-Yorkda səhnədə hücuma məruz qaldıqdan sonra sağ çıxıb. 

Bu barədə onun agenti Endryu Uayli Sky News-a şərhində bildirib.

Onun sözlərinə görə, yazıçının bir gözünü itirmək ehtimalı var.

“Xəbərlər yaxşı deyil. Salmanın bir gözünü itirməsi ehtimalı var,  qaraciyəri zədələnib”, - Endryu Uayli açıqlamasında bildirib.

Yazıçının agenti qeyd edib ki, Salman Rüşdi bir neçə saat əməliyyat olunub və hazırda süni nəfəs aparatındadır.

Xatırladaq ki, Salman Rüşdi cümə günü, avqustun 12-də Nyu-York ştatının Çautokva şəhərində çıxışı zamanı səhnəyə çıxan şəxs tərəfindən bıçaqlanıb. Rüşdi helikopterlə yaxınlıqdakı hospitallardan birinə çatdırılıb.

Hindistan əsilli britaniyalı yazıçı onlarla kitabın müəllifidir, 1981-ci ildə yazılan “Gecəyarısı Uşaqları” romanına görə Buker mükafatı laureatı olub.

Onun “Şeytan ayələri” (1988) romanı bir çox müsəlmanlar tərəfindən küfr hesab olunur. 1988-ci ildə İranın Ali Rəhbəri Ayətullah Xomeyni Rüşdinin öldürülməsi üçün fətva verib.

Qərbdə yaşayan yazıçının başı üçün İran İslam fondu 3,3 milyon dollar vəd edir. 2016-cı il fevralın 21-də İran mediası Rüşdinin qətlinin qiymətinə 600.000 dollar əlavə əlavə edib. Elə həmin il o, ABŞ vətəndaşlığını alıb.

Yazıçı uzun illər gizlənib, tövbə etməsi belə İran hakimiyyətini fətvanı ləğv etməyə razı salmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ