Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin qardaşı Georgi Saakaşvili bildirib ki, həkimlər xəstəxanada olan siyasətçi 11 kiloqram arıqlayıb və onda 17 xəstəlik aşkarlanıb.
“Səhv etmirəmsə, onun 14 diaqnozu var və son günlər daha üç diaqnoz qoyulub”, - deyən Georgi Saakaşvili qardaşının xaricdəki klinikaya köçürülməsinə ehtiyac olduğunu vurğulayıb.
Bundan əlavə, sabiq Gürcüstan liderinin qardaşı bildirib ki, Saakaşvili, demək olar ki, heç nə yemir və 11 kiloqram arıqlayıb.
Öz növbəsində siyasətçini ziyarət edən nevroloq Otar Toidze bəyan edib ki, Tbilisinin “Vivamed” klinikasında müalicə olunan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili ağır xəstədir.
Onun sözlərinə görə, yaxın günlərdə Saakaşvilini həkim qrupu ziyarət edəcək və keçmiş dövlət başçısının sağlamlıq vəziyyəti haqda yekun diaqnoz hazırlayacaq:
“Bir aya yaxındır ki, Saakaşviliyə baş çəkmirdik. Onun indiki vəziyyəti haqda biz yalnız KİV-dən və həkimlərlə qısa söhbətdən bilirik. Mixail Saakaşvili birinci və sonuncu ziyarətim arasında dramatik fərq var. O vaxt onun nitqində və yeriməsində indi olduğu kimi problem yox idi. Bu, xəstəliyin üçüncü ağırlıq dərəcəsidir, yəni ölümqabağı mərhələsidir”.
Xatırladaq ki, Mixail Saakaşvili hazırda uzun sürən aclıq aksiyasından sonra Tbilisidəki özəl klinikalardan birində müalicə alır.