Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları avqustun 8-də ABŞ-ın keçmiş prezidenti Donald Trampın Florida ştatının Palm-Biç şəhərindəki Mar-a-Laqo malikanəsində doqquz saat axtarış aparıblar.
Bu barədə “Reuters”ə sabiq dövlət başçısının özü məlumat verib.
“Müvafiq dövlət qurumları ilə əməkdaşlıq etdikdən sonra evimə bu gözlənilməz basqın nə lazım, nə də məqsədəuyğun idi”, - deyə Donald Tramp bildirib.
Siyasətçi axtarışları onun 2024-cü il seçkilərində mümkün iştirakı ilə əlaqələndirib. O iyul ayında prezidentliyə namizədliyini irəli sürmək qərarına gəldiyini bildirib, lakin qərarını rəsmi açıqlamayıb.
Axtarışın detalları
“The New York Times” qəzetinin məlumatına əsasən, FTB agentləri Trampın mülkündə onun Ağ Evdən gedərkən özü ilə götürdüyü sənədləri axtarıblar. Söhbət “məxfi sənədlər” olan qutulardan gedir. Onların hansı məsələlərə aid olduğu açıqlanmır.
Qeyd olunur ki, axtarış səhər saatlarında Trampın ofisində və sabiq-dövlət başçısının qaldığı otaqlarda aparılıb. Tramp FTB əməkdaşlarının onun mülkündə hələ də axtarış apardıqlarını iddia edir. “Politico” yazır ki, ABŞ-ın eks-prezidentinin özü axtarış zamanı iqamətgahda olmayıb, həmin vaxt o, Nyu-Yorkdakı “Trump Tower”də olub.
“NewsNation” telekanalı təfərrüatla tanış olan mənbələrə istinadən bildirir ki, Trampın malikanəsində axtarış üç vəkilin iştirakı ilə təxminən saat 9:00-dan (Bakı vaxtı ilə bazar ertəsi 17:00) 18:30-a (çərşənbə axşamı Bakı vaxtı ilə 02:30) qədər davam edib. Hadisənin şahidi “New York Post”a bildirib ki, axtarışda ən azı 100 FTB agenti iştirak edib.
NBC-nin məlumatına görə, FTB axtarışla bağlı sabiq prezidentin mühafizə xidmətini əvvəlcədən məlumatlandırıb və onlar agentləri mülkə buraxaraq lazımi köməklik göstəriblər.
CNN xəbər verir ki, ABŞ prezidenti Co Baydenin administrasiyasının rəsmisinin sözlərinə görə, Ağ Evə Trampın malikanəsində aparılan axtarış barədə məlumat verilməyib.
Reaksiya və mümkün nəticələr
Donald Trampın oğlu Erik reydləri Milli Arxivlər və Qeydlər Administrasiyasının (NARA) sorğusu əsasında ABŞ Ədliyyə Departamentinin apardığı araşdırma ilə əlaqələndirib.
“Onlar xəbərdarlıq etmədən axtarış apardılar, ofisləri, şkafları, seyfləri dağıtdılar, baxmayaraq ki, orada heç nə tapmadılar. Bunun kökü hara gedir? Milli Arxiv İdarəsinə?”, - Erik Tramp soruşub.
Florida qubernatoru Ron DeSantis Trampın malikanəsinə basqını pisləyib və ABŞ-ı banan respublikası adlandırıb.
“Mar-a-Laqoya basqın federal agentliklərin rejimin siyasi əleyhdarlarına qarşı silah kimi istifadəsinin növbəti sübutudur... Banan Respublikası”, - deyə Ron DeSantis qeyd edib.
Hillari Klintonun 2016-cı il seçki qərargahının hüquq departamentinin rəhbəri, hüquqşünas Mark Elias hesab edir ki, Tramp 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürmək qərarına gəlsə, FTB-nin arxiv sənədləri ilə bağlı araşdırması ona mane ola bilər. Bu barədə o, Twitter hesabında yazıb.
Hüquqşünas Amerika qanununun normasına işarə edərək bildirib ki, məxfi sənədləri gizlədən, zədələyən, məhv edən və ya saxtalaşdıran şəxs “tutduğu vəzifədən, habelə Birləşmiş Ştatlarda vəzifə tutmaq imkanından məhrum edilir”.
“Mən bu qanunun tətbiqi ilə bağlı hüquqi problemlərdən xəbərdaram, çünki vəzifə tutmaq üçün zəruri tələblər konstitusiya ilə müəyyən edilib. Lakin namizədin seçki kampaniyası zamanı öz hüquqlarını sübut etməli olacağı ideyasının özü Amerika siyasətində blokbasterdir”, - deyə Mark Elias vurğulayıb.