“Əl-Qaidə” lideri Ayman əl-Zəvahiri Kabildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) pilotsuz uçuş aparatının zərbəsi nəticəsində öldürülüb. Məlumatı ABŞ prezidenti Co Bayden təsdiqləyib.
“İndi ədalət bərqərar oldu və terrorçuların lideri məhv edildi”, - deyə Bayden bildirib və əlavə edib ki, ABŞ heç vaxt geri çəkilməyəcək.
Ağ Ev: Mülki itki yoxdur
Amerika prezidenti qeyd edib ki, zərbə zamanı əl-Zəvahiri ailəsinin üzvlərindən heç biri xəsarət almayıb, mülki əhali arasında itki yoxdur. Bayden ümid etdiyini bildirib ki, “Əl-Qaidə” liderinin aradan götürülməsi 2001-ci il 11 sentyabr hücumları qurbanlarının yaxınlarına sülh gətirəcək.
Ağ Evin rəhbəri antiterror əməliyyatını uğurlu adlandırıb.
“Reuters” agentliyinin məlumatına görə, bu, 2011-ci ildə “Əl-Qaidə”nin qurucusu Usama bin Ladenin öldürülməsindən sonra terror qruplaşmasına vurulan ən güclü zərbədir. Nəşr bildirir ki, dron hücumu iyulun 31-də baş verib.
“Taliban” sözçüsü Zabihullah Mücahid zərbəni pisləyərək bunu “beynəlxalq prinsiplərin” pozulması kimi qiymətləndirib.
Əl-Zəvahiri 2011-ci ildən “Əl-Qaidə”yə rəhbərlik edib
Əl-Zəvahiri 2011-ci ildə bin Ladendən sonra “Əl-Qaidə”yə rəhbərlik edib. 2021-ci ildə o, ABŞ-da 11 sentyabr hücumlarının 20-ci ildönümünü qeyd edən video çəkib. Xatırladaq ki, həmin hadisə zamanı dörd qrup terrorçu dörd planlaşdırılmış sərnişin təyyarəsini qaçırıb, onlardan ikisi Nyu-Yorkda Manhettendəki Dünya Ticarət Mərkəzinin qüllələrinə çırpıb, nəticədə hər iki göydələn uçub. Üçüncü layner Vaşinqton yaxınlığındakı Pentaqonun binasına istiqamətləndirilib. Dördüncü təyyarənin ekipajı və sərnişinləri terrorçuları nəzarətə götürməyə çalışıb, təyyarə Pensilvaniya ştatının Şenksvill şəhəri yaxınlığındakı tarlada yerə düşüb. Hücumlarda 19 kamikadzedən əlavə 2977 nəfər ölüb, daha 24 nəfər itkin düşüb.
ABŞ qoşunları Əfqanıstanı 11 ay əvvəl tərk edib
Amerika ordusu Əfqanıstanı 11 ay əvvəl tərk edib. ABŞ qoşunları və onların müttəfiqləri çıxarıldıqdan sonra “Taliban” hərəkatının üzvləri 2021-ci il avqustun 15-də Kabilə daxil olub və sentyabrın 3-də bütün ölkə üzərində nəzarəti ələ keçirdiklərini bəyan ediblər.