Rinat Axmetovun sərvəti ilin əvvəlindən 64 faiz azalıb, lakin o, hələ də Ukraynanın ən varlı adamı olaraq qalır, Forbes yazır.
Axmetov ilin əvvəlindən iyul ayına kimi metallurgiya, energetika, kənd təsərrüfatı və media aktivlərinin bir hissəsi itirib. Nəticədə onun kapitalı yarıdan çox - 13,7 milyard dollardan 4,9 milyard dollara qədər azalıb. İş adamının əsas aktivi - Metinvest şirkəti dəyərinin üçdə ikisini itirib.
O, iki əsas müəssisəni - Azovstal və Mariupol İliç Dəmir-Polad Zavodunu itirdi. Keçən il onlar ümumilikdə 8,6 milyon ton polad istehsal ediblər (Ukraynanın bütün metallurgiya istehsalının 40 faizi). Axmetov da media biznesinə sahib olmağı dayandırıb.
İyul ayında məlum oldu ki, Axmetov artıq oliqarx adlandırıla biləcək kriteriyalara cavab vermir. Ukraynanın ədliyyə naziri Denis Malyuska bildirib ki, o, siyasətdə iştirakını dayandırıb və ölkədəki mediaya təsir etmir.
Bu arada, Axmetovun SCM Group Rusiyaya qarşı iddia qaldırmağa qərar verib. Milyarder əmin olduğunu bildirib ki, “Ukrayna bütün təzminatları tam həcmdə tələb edəcək və alacaq”.