Rusiyanın Ukraynadakı hərbi əməliyyatının məqsədləri dəyişib və indi təkcə qondarma Donetsk və Luqansk Xalq Respublikalarının (DXR və LXR) əraziləri ilə məhdudlaşmır.
Bunu RİA Novosti-yə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O, əməliyyatın coğrafiyasının genişlənməsinin digər məsələlərlə yanaşı, Amerikanın HIMARS reaktiv yaylım atəş sistemlərinin Kiyevə tədarükü ilə bağlı olduğuna diqqət çəkib. Lavrov vurğulayıb ki, Qərb Kiyevə daha çox uzaqmənzilli silahlar tədarük etdikcə, əməliyyatın coğrafi məqsədləri indiki xəttdən daha da irəliləyəcək.
“İndi coğrafiya başqadır. Bu, təkcə qondarma DXR və LXR ərazisi deyil, həm də Xerson, Zaporojye vilayətləri və bir sıra digər ərazilərdir”, - deyə o bildirib.
XİN rəhbəri qeyd edib ki, Rusiya Ukrayna prezidenti Volodimir Zelenskinin nəzarəti altında olacaq ərazilərdə Rusiya Federasiyasının ərazisinə “və müstəqilliyini elan etmiş respublikaların ərazisinə” birbaşa təhlükə yarada biləcək silahlara icazə verə bilməz.
Lavrov həmçinin Ukrayna tərəfi ilə danışıqların mənasız olduğuna işarə edib. Nazirin sözlərinə görə, Qərb Ukraynanı istənilən konstruktiv addımlardan saxlayır, ölkəyə silah göndərməkdə davam edir və Kiyevi bu silahlardan getdikcə daha riskli formada istifadə etməyə məcbur edir. Lavrov bildirib ki, Vaşinqtonun icazəsi olmadan Ukraynaya danışıqlara başlamağa imkan verilməyəcək.